Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynaya qarşı apardığı müharibəyə baxmayaraq, beynəlxalq forumlar təşkil etməyə və bu tədbirlərdə əməkdaşlıq perspektivlərindən danışmağa davam edir. Halbuki, işğalçı müharibə aparan bir dövlətlə əməkdaşlıq imkanlarının məhdud olduğu aydındır.
İyunun 17-19-da Tatarıstanın paytaxtı Kazanda keçirilən ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammiti də Kremlin bu istiqamətdə növbəti addımı kimi qiymətləndirilə bilər. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin və Şərqi Timor da daxil olmaqla bir sıra ölkələrin nümayəndələri iştirak ediblər.
Diqqətçəkən məqam ondan ibarətdir ki, sammit keçirilən günlərdə Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Moskvaya yaxın ərazilərdə yerləşən yanacaq infrastrukturlarına zərbələr endirirdi. Buna baxmayaraq, Vladimir Putin çıxışlarında müharibə mövzusuna toxunmayıb, Ukrayna dronlarının hücumlarını və ilhaq edilmiş Krımda yaranan yanacaq problemlərini diqqətdən kənarda saxlayıb.
Sammitdən əvvəl Putin Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Hakan Fidan bundan bir gün əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar aparıb.
Həm Kazanda, həm də bundan əvvəl Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq forumlar Kremlin mühüm məqsədinə xidmət edir: Rusiyanın beynəlxalq aləmdən tam təcrid olunmadığını nümayiş etdirmək. Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda da iştirak etmiş, həmin günlərdə Ukrayna dronları şəhər ətrafındakı yanacaq obyektlərinə hücumlar həyata keçirmişdi.
Kazan sammitinin diqqət çəkən məqamlarından biri də Filippin Prezidenti Ferdinand Markosnin tədbirdə iştirakı və onun Putinlə keçirdiyi ikitərəfli görüş olub. Bu görüşün xüsusilə Pekində diqqətlə izlənildiyi bildirilir.
Məlumdur ki, Çin və Filippin arasında münasibətlər son illərdə ciddi şəkildə gərginləşib. Bunun əsas səbəbi Cənubi Çin dənizindəki ərazi mübahisələridir. Tərəflərin hərbi gəmiləri arasında vaxtaşırı insidentlər yaşanır. Çin hətta Filippinin müdafiə nazirinə və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, Manila Pekini Filippin sahillərinə yaxın ərazilərdə yerləşdirilən platformalar vasitəsilə süni adalar yaratmağa cəhd göstərməkdə ittiham edir.
Bu baxımdan Putinin Filippin Prezidenti ilə görüşü Kremlin Pekinə göndərdiyi siyasi mesaj kimi də dəyərləndirilə bilər. Moskva və Pekin strateji tərəfdaş hesab olunsalar da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya gözlənilən səviyyədə dəstək vermədiyini düşünür.
Digər tərəfdən, Çin Rusiyadan enerji idxalını şaxələndirməyə çalışır və neftlə qazı daha aşağı qiymətlərlə almağa üstünlük verir. Bu da Moskvanın narazılığına səbəb olan amillərdən biridir. Bundan əlavə, Kremlin Pekinin son dövrlər Brüssel və Vaşinqtonla dialoqu genişləndirməsini diqqətlə izlədiyi bildirilir.
Belə görünür ki, Kreml yaranmış vəziyyətdə Çinin regional rəqibləri ilə əlaqələri inkişaf etdirməklə Pekinə müəyyən mesajlar verməyə çalışır. Kazan sammiti də məhz bu geosiyasi oyunun növbəti epizodu kimi qiymətləndirilə bilər.
Elxan Şahinoğlu
Politoloq





















