Böyük Britaniyanın Baş naziri Keyr Starmer vəzifəsindən istefa verdiyini bəyan edib. Korrekt.az xəbər verir ki, bu barədə Sky News telekanalı və The Guardian nəşri məlumat yayıb.
Məlumata görə, Starmer yalnız baş nazir postundan deyil, eyni zamanda Leyboristlər Partiyasının lideri vəzifəsindən də ayrıldığını açıqlayıb. O, qərarı barədə ölkə kralına məlumat verdiyini bildirib.
Keyr Starmer bəyanatında qeyd edib ki, növbəti ümumi seçkilərdə Leyboristlər Partiyasına rəhbərlik etmək üçün ən uyğun namizəd olmadığını qəbul edir.
“Partiyamın hazırda qarşısında duran əsas sual növbəti ümumi seçkilərdə ona rəhbərlik etmək üçün ən yaxşı mövqedə olub-olmamağımdır. Partiyanın bu suala verdiyi cavabı eşitmişəm və ona hörmətlə yanaşıram”, – deyə Starmer vurğulayıb.
O, həmçinin bütün qərarlarını ölkənin maraqlarını üstün tutaraq qəbul etdiyini bildirib. Starmer Leyboristlər Partiyasının yeni liderinin müəyyənləşdirilməsi üçün partiyanın Milli İcraiyyə Komitəsindən liderlik seçkilərinin qrafikini hazırlamağı xahiş etdiyini də açıqlayıb.
Bildirilib ki, namizədlərin irəli sürülməsi prosesi 9–16 iyul tarixlərində, parlamentin yay tətilinə çıxmasından əvvəl keçiriləcək. Sky News-un məlumatına görə, yeni Leyboristlər Partiyası lideri parlament sentyabr ayında fəaliyyətini bərpa edənədək müəyyənləşəcək.
Britaniya mediası bundan əvvəl Starmerin istefasını bazar ertəsi elan edə biləcəyini yazmışdı. Halbuki o, ötən cümə günü partiya rəhbərliyindən uzaqlaşdırılmasına yönəlmiş cəhdlərə qarşı mübarizə aparacağını bildirmiş və Leyboristlər Partiyasını daxili çəkişmələrlə özünü zəiflətməməyə çağırmışdı.
Mətbuatda yayılan məlumatlara əsasən, Starmerin mümkün varisi kimi Böyük Mançesterin keçmiş meri Endi Börnhemin adı ön plana çıxır. Həmçinin, Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperin həftəsonu şəxsi söhbət zamanı Starmeri istefa verməyə çağırdığı iddia edilir.
Qeyd edək ki, Keyr Starmer 2024-cü ilin iyul ayında keçirilən ümumi seçkilərdə Leyboristlər Partiyasının qələbəsindən sonra Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlamışdı.





















