image-1backend

“Kremlin qorxuya düşməsinə səbəb budur”- Politoloq

image-ads-728x90

” Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxınlaşması Kremli qorxuya salır. Bunu Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşdə aydın görmək mümkün idi. Görüş formal olaraq Rusiya–Ermənistan münasibətlərinə həsr olunsa da, əslində müzakirə edilən mövzular Azərbaycan ilə Ermənistan arasında formalaşan yeni sülh gündəliyinin birbaşa təsiri altında olub.”– bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.

Politoloq Arzuman Muradlının fikrincə, Azərbaycanın Qarabağ bölgəsində və şərti sərhəddə atdığı addımlar Ermənistanın Rusiya ilə münasibətlərində daha geniş manevr imkanları yaradıb.

Arzuman Muradlı qeyd edib ki, əvvəllər mövcud olan “Ermənistanın suverenliyi qarşılığında işğalın davam etdirilməsinə dəstək” yanaşması artıq aktuallığını itirib. Bu kontekstdə Nikol Paşinyan açıq şəkildə “Qarabağ hərəkatı” mövzusunun bağlandığını və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir.

Buna baxmayaraq, Vladimir Putinin çıxışları göstərir ki, Qarabağ məsələsi hələ də Kremlin gündəmində qalmaqdadır və müəyyən narahatlıq doğurur. Xüsusilə, Putinin KTMT çərçivəsində bu mövzuya toxunması politoloq tərəfindən uğursuz cəhd və manipulyasiya kimi qiymətləndirilir. Paşinyanın bu yanaşmaya dərhal reaksiya verməsi diqqətdən yayınmayıb.

Rəsmi Bakı da məsələyə operativ münasibət bildirib. Xarici İşlər Nazirliyi səviyyəsində verilən açıqlamada həm Rusiya XİN-in, həm də Prezident Administrasiyasının fəaliyyətinə dolayı istinadlar edilib. Azərbaycan tərəfi xatırladıb ki, vaxtilə Rusiya tərəfindən imzalanan bəzi sənədlərdə və Rusiya sülhməramlı kontingentinə aid materiallarda Azərbaycanın adı çəkilməyib, əvəzində sovet dövründən qalma terminlərdən istifadə olunub.

Politoloq vurğulayır ki, Azərbaycan tərəfi Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətində müşahidə olunan özbaşınalıqları, separatçılara Bakı ilə dialoqdan yayınmaq tövsiyələrini, “Vardanyan layihəsi”ni və status məsələsinin gələcəyə saxlanıldığı yanaşmanı unutmayıb.

Arzuman Muradlı eyni zamanda diqqətə çatdırır ki, maraqlı məqamlardan biri də Paşinyanın görüş zamanı 2022-ci ilin oktyabrında Soçidə baş verən hadisələrə toxunmamasıdır.

“Həmin vaxt Ermənistan tərəfi Rusiyanın sülh variantını tam dəstəkləsə də, bu təklif Azərbaycan Prezidenti tərəfindən qəbul edilməmişdi.  Paşinyan bu məsələyə aydınlıq gətirilməsi üçün Putinə sual ünvanlaya bilərdi.”– deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki