Venesuela prezidenti Nikolas Maduro ABŞ-a məlumat verib ki, o, bir il yarım sonra dövlət başçısı vəzifəsini tərk etməyə hazır olacaq. Korrekt.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“ABŞ-la qeyri-rəsmi danışıqlar zamanı Maduro son nəticədə istefaya getməyə hazır olduğunu, lakin 18 aydan tez olmayaraq bəyan edib”, – bəyanatda deyilir.
Kanal qeyd edir ki, əldə etdiyi məlumata görə, Venesuela nümayəndələri və Maduronun özü ölkələr arasında mümkün təmaslarla bağlı müxtəlif vasitələrlə ABŞ-la əlaqə saxlayıb.
“The Wall Street Journal” daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, “Tramp söhbət zamanı Maduroya deyib ki, əgər o, könüllü getməsə, ABŞ müxtəlif variantları, o cümlədən güc tətbiqini nəzərdən keçirəcək”.
Öz növbəsində “The New York Times” prezident Donald Trampın Maduro ilə telefon danışığı apardığını və onunla şəxsi görüş imkanını müzakirə etdiyini yazıb.
“Danışıqlarla tanış olan iki mənbə bildirib ki, söhbət həftəsonu baş tutub. Söhbət zamanı iki liderin ABŞ-da şəxsi görüşünün mümkünlüyü müzakirə olunub”, – nəşr yazıb.
Tramp Maduro ilə telefon danışığını təsdiqləyib, lakin şərh verməkdən imtina edib.
“Bunu şərh etmək istəmirəm, amma cavab “Bəli”dir. Söhbətin yaxşı və ya pis keçdiyini söyləmək fikrində deyiləm”, – deyə Tramp Air Force One təyyarəsində jurnalistlərə Maduro ilə danışıb-danışmadığını soruşduqda deyib.





















