Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev dövlət qulluqçularının iş geyim formasını tənzimləyən sərəncam imzalayıb.
Korrekt.az xəbər verir ki, sərəncama əsasən, məmurlara pencəkdən imtina etmək və iş yerində yalnız köynəklə fəaliyyət göstərmək tapşırılıb.
Hökumət başçısı məsələ ilə bağlı açıqlamasında bildirib: “Dünən yağış səbəbindən hava soyuq idi, lakin bu gün artıq günəş çıxıb. Sabahdan etibarən Nazirlər Kabinetinin sərəncamı tam şəkildə iş prosesinə tətbiq edilməlidir”.
A.Kasımaliyev qeyd edib ki, oxşar təcrübə Yaponiyada elektrik enerjisinə qənaət məqsədilə fəal şəkildə tətbiq olunur və orada köynəklər qalstuksuz geynilir.
Nazirlər Kabinetinin sədri əlavə edib ki, kostyumdan imtina edilməsi dövlət müəssisələrində kondisionerlərdən istifadəni azaltmağa imkan verəcək.
“Hazırda biz kostyumda işləyirik və kondisionerləri yandırırıq. Əgər sadəcə köynək geyinsək, kondisionerə ehtiyac qalmaya bilər. Biz elektrik enerjisinə qənaət etməliyik”, – deyə o fikirlərini yekunlaşdırıb.musavat.com





















