Məşhur britaniyalı boksçu Entoni Coşua Nigeriyada baş verən ağır avtomobil qəzasında iki məşqçisini itirib. Korrekt.az xəbər verir ki. hadisə ilə bağlı məlumatı Home of Fight sosial media hesabı yayıb.
Bildirilib ki, Coşuanın “Lexus” markalı avtomobili yüksək sürətlə hərəkətdə olarkən yol kənarında dayanmış yük maşını ilə toqquşub. Qəza ötmə manevri zamanı sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Entoni Coşua avtomobildə arxa oturacaqda əyləşdiyi üçün xəsarət alsa da, həyatı üçün təhlükə yaranmayıb. Lakin toqquşma nəticəsində onun iki məşqçisi – şəxsi məşqçisi Lutz və fiziki hazırlıq üzrə məşqçisi Cena hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Entoni Coşua 20 dekabr gecəsi amerikalı boksçu və bloqer Ceyk Polu altıncı raundda nokaut edərək məğlub etdikdən sonra Nigeriyada tətil etməyi planlaşdırırdı. Həmin döyüşə Coşua ukraynalı məşqçi Yeqor Qolubun rəhbərliyi altında hazırlaşmışdı.
Xatırladaq ki, Entoni Coşua daha əvvəl ukraynalı boksçu Aleksandr Usiklə iki dəfə qarşılaşıb və hər iki döyüşdə məğlub olub. Buna baxmayaraq, britaniyalı boksçu ağır çəkidə dünyanın ən tanınmış idmançılarından biri olaraq qalır.





















