Bu sualın cavabını tapmaq hər birimizin borcudur.
Son vaxtlar Rusiyanın müxtəlif bazarlarında azərbaycanlı sahibkarlardan haqq tələb etməkdə, onları təhdid və təzyiq altında saxlamaqda ittiham olunan kriminal qruplaşmaların içərisində azərbaycanlıların da adlarının çəkilməsi məni ciddi düşündürür.
Çünki burada söhbət təkcə cinayətdən getmir.
Söhbət öz soydaşına qarşı edilən xəyanətdən gedir.
Təsəvvür edin, başqa ölkədə çörəkpulu qazanan bir azərbaycanlıdan haqq tələb edən adam da azərbaycanlıdır. Bir tərəfdə gecə-gündüz çalışan, ailəsinin ruzisini qazanan, öz zəhməti ilə ayaqda qalmağa çalışan insan; digər tərəfdə isə həmin insanın milliyyətindən istifadə edib ona təzyiq göstərən biri.
Bu, adi cinayət deyil.
Bu, milli həmrəyliyin içəridən çürüməsinə yol aça bilər.
Mən Leninqradda aspiranturada təhsil aldığım illərdə buna bənzər bir vəziyyətlə üzləşmişdim. O vaxt mənə məlumat verilmişdi ki, şimali qavkaz kriminal qruplarının bəzi üzvləri aspirant və tələbələrdən pul tələb edirlər. Lakin maraqlı və düşündürücü bir məqam vardı: Şimali Qafqazdan olan tələbələrə toxunmurdular.
Mən bunu qəbul etmədim. O zaman imkanım çatan qədər bunun qarşısını aldım — həm fiziki, həm də mənəvi müqavimətlə. Çünki mənim üçün məsələ kimin kim olması deyildi. Məsələ haqqsızlığın qarşısında susmamaq idi.
İllər keçib, amma həmin hadisənin mənası mənim üçün dəyişməyib.
Əksinə, bu gün daha aydın görünür.
Mən həmişə belə düşünmüşəm: xaricdə yaşayan soydaşının arxasında dayanmaq lazımdır, onun cibinə girmək yox.
Azərbaycanlı başqa ölkəyə gedəndə onun haqqında “orada bizimkilər var” deməsi ona güvən verməlidir. “Bizimkilər var, məndən xərac istəyəcəklər” qorxusu yaratmamalıdır.
Çünki dünyanın harasında olmasından asılı olmayaraq, azərbaycanlı azərbaycanlının düşməni yox, dayağı olmalıdır.
Məni ən çox düşündürən isə başqa bir məqamdır.
Təsəvvür edin, 300 il əvvəl İrlandiyadan Amerikaya gedən bir irlandiyalı başqa bir irlandiyalıdan xərac yığsaydı, bu, həmin icmanın öz daxilində necə böyük bir rüsvayçılıq kimi qəbul edilərdi. Diaspora olmaq yalnız eyni soyadı, eyni dili və ya eyni torpağın adını daşımaq deyil.
Diaspora olmaq həm də bir-birinin təhlükəsizliyinə, ləyaqətinə və haqqına sahib çıxmaqdır.
Xaricdə yaşayan azərbaycanlı sahibkarın qazancına göz dikmək, ondan “pay” tələb etmək, onu milliyyətinə görə hədəfə çevirmək isə ən ağır mənəvi paradokslardan biridir:
Bu, bizi ciddi düşündürməlidir.
Çünki milləti zəiflədən yalnız xaricdən gələn təzyiq deyil. Bəzən milləti içəridən daha çox zəiflədən şey özümüzdən olanın özümüzə qarşı ədalətsizliyidir.
Mən Leninqradda tələbə və aspirant olduğum illərdə bunun qarşısında geri çəkilmədim. Çünki bilirdim: bir dəfə susanda, haqq tələb edənlərin sayı artır; bir dəfə müqavimət göstərəndə isə anlayırlar ki, hər kəs qorxmur.
Bu gün də eyni fikirdəyəm: Soydaşının cibinə əl atan əl, əslində öz millətinin adına uzanmış əldir. Və belə əlin qarşısında susmaq olmaz.
Millət olmaq yalnız bayraq qarşısında qürurlanmaq deyil.
Millət olmaq — özündən olanın haqqını qorumaqdır.
Xaricdə yaşayan azərbaycanlıların bizə ehtiyacı var. Onların bizdən gözlədiyi xərac yox, dayaqdır; qorxu yox, güvəndir; təzyiq yox, həmrəylikdir.
Əgər bir azərbaycanlı başqa ölkədə öz soydaşını qorxudursa, biz ilk növbədə özümüzdən soruşmalıyıq:
Biz harada səhv etdik ki, “bizimkilər” ifadəsi bəzən insana güvən yox, qorxu gətirməyə başlayıb?
Bu sualın cavabını tapmaq hər birimizin borcudur.
Zahid Məmmədov
Professor




















