Müasir dövrdə insanlar sanki daim harasa tələsirlər. İşə gecikməmək üçün tələsir, gün ərzində bir işi digərinə çatdırmağa çalışır, axşam isə sabah üçün planlar qururlar. Çox təəssüf ki, insanların əksəriyyəti özünə zaman ayırmır və ən əsası, həyatdan zövq almadan yaşayır.
Həyatdan zövq almağın əsas şərtlərindən biri tələsməmək, hər bir işi zövq alaraq yerinə yetirməkdir. Bəs bizi bu qədər tələsdirən nədir?
Texnologiyanın inkişafı nəticəsində bir çox işlərimizi asanlıqla yerinə yetiririk. Amma texnologiyanın inkişafı insanları çox səbirsiz vəziyyətə də gətirib çıxarıb. İnsan yazdığı mesajı saniyələr ərzində çatdırır, informasiyanı çox qısa zamanda əldə edir.
Sosial şəbəkələrdə hər kəsin həyatı sanki sürətlə inkişaf edir: biri ailə həyatı qurur, digəri xarici ölkələrdə istirahət edir, başqa biri isə yeni işə başlayır. Bu paylaşımları görən insanlar həyatlarında hər şeyin tez bir zamanda həll olunmasını istəyirlər.
Lakin birinin 20 yaşında qazandığı uğuru başqa biri 40 yaşında qazana bilər. Həyat yarış deyil. Bir insanın qazandığı uğurun arxasında yuxusuz gecələr, əziyyət, zəhmət və aylar, illər boyu davam edən mübarizə dayanır.
Bəzən insanlar işləri tez bir zamanda həll olunmayanda əsəbiləşir, şikayət edirlər. Bir müddət sonra isə həmin işin gec də olsa, uğurla həll olunmasına sevinirlər.
Həyatın düsturu tələsmək yox, işi uğurla yerinə yetirməkdir. Sürətlə yerinə yetirilən işlərin bir çoxu yanlış qərarlara və xoşagəlməz nəticələrə səbəb ola bilər. Avtomobil qəzaları buna nümunədir.
İnsanların tələsməsinin əsas səbəblərindən biri də cəmiyyətdir. İnsanlar bir-birlərinə, xüsusən də gənclərə təzyiq göstərərək: “Vaxt tez keçir, tez bir zamanda iş tap, ailə həyatı qur, maddi durumunu düzəlt”, – deyirlər. Bu cür yanaşmalar isə insanların tələsik və bəzən də yanlış addımlar atmasına səbəb olur.
Bəzən bir addım geri çəkilmək, bir az gözləmək və tələsməmək insanı illərlə peşman olacağı bir qərardan xilas edə bilər.
Məhz buna görə müasir insan özünə belə bir sual verməlidir: “Mən həqiqətən tələsirəm, yoxsa hamı tələsdiyi üçün mən də qaçıram?”
Bu sualın cavabı bir çox insanın həyata baxışını dəyişə bilər.
Könül Mürsəliyeva





















