Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə tarixi, siyasi və strateji baxımdan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İki qardaş xalqı birləşdirən ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və qarşılıqlı hörmət dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir. 1995-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra əlaqələr ardıcıl şəkildə inkişaf edərək hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Münasibətlərin yüksək səviyyədə inkişafında Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və siyasi dialoq xüsusi əhəmiyyət daşıyır. 2022-ci ildə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması, 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması, 2024-cü ildə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin rəsmiləşdirilməsi ikitərəfli əlaqələrin hüquqi-siyasi bazasını daha da möhkəmləndirmişdir. 2026-cı ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri münasibətlərin inkişafında yeni tarixi mərhələ olmuşdur. Səfər çərçivəsində iki ölkə arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Azərbaycan–Özbəkistan əlaqələrinin uzunmüddətli və sarsılmaz xarakterini nümayiş etdirmişdir. Eyni zamanda, Ali Dövlətlərarası Şuranın üçüncü iclasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilmişdir. İqtisadi əməkdaşlıq da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Ticarət, investisiya, sənaye, energetika və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. 2026-cı ilin iyulunda keçirilmiş Azərbaycan–Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 15-ci iclasında bu sahələr üzrə əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin reallaşdırılması müzakirə olunmuşdur. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq da xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında mühüm nəqliyyat dəhlizlərinin inkişafında qarşılıqlı maraqları mövcuddur. Bu baxımdan Bakı ilə Daşkənd arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi və logistika əlaqələrinin inkişafına mühüm töhfə verir. Bununla yanaşı, mədəni-humanitar əlaqələr Azərbaycan–Özbəkistan münasibətlərinin mənəvi dayaqlarından biridir. Təhsil, mədəniyyət, turizm, elm və digər sahələrdə əməkdaşlığın genişlənməsi xalqlarımız arasında mövcud qardaşlıq bağlarının daha da möhkəmlənməsinə xidmət edir.Nəticə etibarilə, Azərbaycan–Özbəkistan münasibətləri bu gün sadəcə diplomatik və iqtisadi tərəfdaşlıq nümunəsi deyil, qarşılıqlı etimad, siyasi həmrəylik, strateji maraqlar və ortaq dəyərlər üzərində qurulmuş yüksək səviyyəli müttəfiqlik və əbədi dostluq münasibətləridir. 2026-cı ildə imzalanmış Əbədi Dostluq Müqaviləsi bu münasibətlərin gələcək nəsillər üçün də davamlı və möhkəm əsaslar üzərində inkişaf edəcəyinin mühüm göstəricisidir.
Yeni Azərbaycan Partiyası
Səbail rayon təşkilatının
sədr müavini Nicat Hüseynov





















