image-img-20260824-wa0136backend

Daşkənd səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək üfüqlərini müəyyənləşdirdi

image-ads-728x90

Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında son illərdə formalaşan siyasi dialoqun ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirdi. Daşkənddə dövlətimizin başçısının yüksək səviyyədə qarşılanması, keçirdiyi görüşlər, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında iştirakı, sənədlərin imzalanması və yeni layihələrin təqdimatı səfərin sırf protokol xarakterli olmadığını, konkret nəticələrə hesablandığını göstərdi. Səfər zamanı iki ölkə prezidentlərinin qarşılıqlı dövlət təltiflərinin təqdim edilməsi də diqqətçəkən hadisələrdən biri oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi ali dərəcəli “Dostluq” ordeni ilə təltif etdi. Azərbaycan Respublikasının Prezidenti isə Şavkat Mirziyoyevi “Heydər Əliyev” ordeninə layiq gördü. Dövlət başçıları arasında bu qarşılıqlı ehtiram Azərbaycan və Özbəkistan münasibətlərinin siyasi mahiyyətini ifadə edən mühüm məqamlardan biri kimi yadda qaldı. Daşkənddə aparılan danışıqların nəticələri iki ölkənin əməkdaşlığının artıq ayrı-ayrı sahələr üzrə münasibətlərdən daha geniş çərçivəyə çıxdığını göstərdi. İmzalanan sənədlər, investisiya təşəbbüsləri, sənaye və xidmət sektorunda yeni layihələr, regionlararası əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr qarşıdakı dövr üçün real fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.
Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlərin əsasında isə daha qədim və dərin bağlar dayanır. Xalqlarımızın tarixi, dili, ədəbiyyatı, adət-ənənələri və mədəni irsi arasında çoxsaylı oxşarlıqlar mövcuddur. Nizami Gəncəvi ilə Əlişir Nəvai yaradıcılığının qarşılıqlı öyrənilməsi, mədəniyyət və təhsil sahəsində qurulan əlaqələr bu yaxınlığın yalnız keçmişə aid olmadığını, müasir dövrdə də yaşadıldığını göstərir. Bu tarixi yaxınlıq dövlətlərarası münasibətlərə də öz təsirini göstərib. Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasından sonra qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələr intensivləşib. Son illərdə isə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin münasibətlərə xüsusi diqqət yetirməsi nəticəsində əlaqələr daha geniş məzmun qazanıb. İki dövlət başçısının bir-birinə qarşı nümayiş etdirdiyi etimad münasibətlərin inkişafında mühüm amilə çevrilib.

Özbəkistanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi də bu münasibətlərin mühüm səhifələrindən biridir. Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi illərdə Daşkəndin Azərbaycanın ərazi bütövlüyünə münasibəti dəyişməz olaraq qalıb. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra isə Özbəkistan Qarabağda aparılan quruculuq işlərinə öz töhfəsini verib. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və digər layihələr qardaş ölkənin bu prosesə praktiki dəstəyinin göstəricisidir.

İqtisadi münasibətlər də son dövrdə nəzərəçarpacaq dərəcədə genişlənib. Əvvəllər məhdud istiqamətlərdə olan iqtisadi əlaqələr hazırda sənaye, energetika, kənd təsərrüfatı, turizm, avtomobil istehsalı, maliyyə, neft-qaz və digər sahələri əhatə edir.

Qarşılıqlı investisiyaların artması isə biznes dairələri arasında əməkdaşlığın davamlı xarakter almasına şərait yaradır. Nəqliyyat məsələsi də Bakı və Daşkəndin ortaq maraqlarının üst-üstə düşdüyü əsas istiqamətlərdəndir. Özbəkistanın Mərkəzi Asiyanın daxilində yerləşməsi, Azərbaycanın isə Xəzər vasitəsilə regionu Qafqaz və Avropa ilə əlaqələndirməsi iki ölkəyə tranzit imkanlarından birlikdə istifadə etmək üçün geniş perspektiv yaradır. Bütün bu proseslərin fonunda Prezident İlham Əliyevin səfər zamanı mətbuata verdiyi bəyanat xüsusi diqqət çəkdi. Dövlətimizin başçısı əvvəlcə Özbəkistanda müşahidə etdiyi sürətli dəyişikliklərdən danışaraq bildirdi: “Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır.” Prezident bu inkişafı Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların, iqtisadiyyatın şaxələndirilməsi və ölkənin potensialının daha səmərəli istifadəsi istiqamətində atılan addımların nəticəsi kimi qiymətləndirdi.

Bəyanatın diqqətçəkən məqamlarından biri iki ölkənin iqtisadi imkanlarının paralel şəkildə genişlənməsinin qarşılıqlı layihələrə yaratdığı şəraitlə bağlı idi. Prezident İlham Əliyev 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinin artıq uzaq perspektiv kimi görünmədiyini bildirdi. Bu fikir iki ölkə arasında iqtisadi münasibətlərin mövcud vəziyyətinə verilən konkret qiymət olmaqla yanaşı, qarşıdakı illər üçün gözləntiləri də ortaya qoyur. Dövlətimizin başçısı Azərbaycan və Özbəkistanın əməkdaşlığının enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı və emal sahələrini əhatə etdiyini diqqətə çatdırdı. Bankçılıq və neft-qaz layihələri də bu siyahıya əlavə olunur. Belə geniş istiqamətlər üzrə əməkdaşlığın qurulması iki iqtisadiyyatın bir-birinə getdikcə daha çox bağlandığını göstərir.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsinə də xüsusi yer ayrıldı.

Dövlətimizin başçısı Azərbaycanı və Mərkəzi Asiyanı böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etdi. Bu yanaşma Bakı ilə Daşkənd arasındakı əlaqələrin yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, daha geniş regional proseslər baxımından da əhəmiyyət daşıdığını göstərir. Bəyanatda Qarabağın bərpasında Özbəkistanın rolu ilə bağlı səsləndirilən fikirlər isə səfərin mənəvi tərəfini tamamladı. Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd edərək Füzulidə məktəbin tikintisini və Xankəndidə həyata keçirilən sənaye layihəsini nümunə göstərdi. Bununla yanaşı, hər iki ölkənin müxtəlif regionlarında yeni layihələrin reallaşdırılması üçün imkanların mövcud olduğu bildirildi.

Prezident İlham Əliyevin mətbuata bəyanatının sonunda səsləndirdiyi fikirlər isə səfərin ümumi məzmununu tamamladı. Dövlətimizin başçısı Özbəkistanın qarşısında duran inkişaf planlarının reallaşacağına əminliyini ifadə etdi və Prezident Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət etdi. Beləliklə, 23 avqust səfəri Azərbaycan və Özbəkistan arasında münasibətlərin yalnız bu günü deyil, gələcək istiqamətlərini də müəyyənləşdirən mühüm siyasi hadisə oldu. Daşkənddə aparılan danışıqlar, əldə olunan razılaşmalar və Prezident İlham Əliyevin verdiyi mesajlar göstərdi ki, Bakı ilə Daşkənd arasında qarşılıqlı etimad artıq konkret iqtisadi layihələrə, regional təşəbbüslərə və uzunmüddətli əməkdaşlıq planlarına çevrilir.

Azərbaycan və Özbəkistanın qarşıdakı dövrdə qarşılıqlı imkanlardan daha geniş istifadə etməsi iki ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinə də xidmət edəcək. Daşkənd səfərinin əsas nəticəsi də məhz bundan ibarətdir: tarixi yaxınlıq siyasi iradə ilə, siyasi iradə isə konkret layihələrlə tamamlanır.

Samirə Hüseynova



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki