image-7a3cb67d047d2a00700f45b025652001_800backend

30 Avqust türk xalqının istiqlal iradəsinin, milli həmrəyliyinin rəmzidir

image-ads-728x90

30 Avqust türk xalqının istiqlal iradəsinin, milli həmrəyliyinin və ağır sınaqlar qarşısında göstərdiyi müqavimətin tarixi rəmzlərindən biridir.

Türk tarixinin müxtəlif dövrlərində dövlətçilik, azadlıq və müstəqillik uğrunda mübarizə mühüm yer tutub. Anadolu uğrunda aparılan Qurtuluş savaşı da bu uzun tarixi mübarizənin ən mühüm səhifələrindən biri hesab olunur.

Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının ağır vəziyyətə düşməsi Anadolu torpaqlarının işğalı ilə nəticələndi. Müttəfiq dövlətlərin dəstəyi ilə yunan ordusu Qərbi Anadoluya daxil oldu və 1919-cu ildə İzmir işğal edildi.

Bu hadisə türk milli müqavimət hərəkatının daha da güclənməsinə səbəb oldu.

Mustafa Kamal Paşanın rəhbərliyi altında başlayan Milli Mücadilə hərəkatı qısa müddətdə təşkilatlanaraq genişmiqyaslı istiqlal savaşına çevrildi. Ankara milli müqavimətin siyasi və hərbi mərkəzinə çevrildi.

Türk ordusu əvvəlcə müdafiə mövqeyində olsa da, zaman keçdikcə təşkilatlanaraq təşəbbüsü ələ keçirdi. Sakarya Meydan Müharibəsində əldə edilən qələbə isə Qurtuluş savaşının gedişində mühüm dönüş nöqtəsi oldu.

Bundan sonra əsas məqsəd işğalçı qüvvələrin Anadolu torpaqlarından tamamilə çıxarılması idi.

1922-ci il avqustun 26-da səhər saat 05:30-da türk ordusu Böyük Hücum əməliyyatına başladı.
Topçu atəşləri ilə başlayan hücum nəticəsində yunan ordusunun müdafiə xətləri yarıldı. Türk birlikləri sürətlə irəliləyərək düşmənin mövqelərini bir-birinin ardınca ələ keçirməyə başladılar.

Avqustun 27-də Afyonkarahisarın azad edilməsi ilə türk ordusunun hücumu daha da genişləndi. Yunan ordusu geri çəkilməyə məcbur oldu.

Lakin türk komandanlığının əsas məqsədi yalnız düşməni geri çəkilməyə məcbur etmək deyildi. Strategiyanın əsas hədəfi yunan ordusunun əsas qüvvələrini mühasirəyə alaraq məhv etmək və Anadolu daxilindəki hərbi müqavimət imkanlarını tamamilə aradan qaldırmaq idi.

Avqustun 28-29-da türk ordusunun həyata keçirdiyi manevrlər nəticəsində yunan qüvvələrinin mühüm hissəsi Dumlupınar ətrafında sıxışdırıldı.

Avqustun 30-da isə burada həlledici meydan müharibəsi baş verdi.

Türkiyə tarixində Baş Komandanlıq Meydan Müharibəsi adlandırılan bu döyüşə Mustafa Kamal Paşa şəxsən rəhbərlik edirdi.
Türk ordusunun koordinasiyalı hücumu nəticəsində yunan qüvvələri ağır məğlubiyyətə uğradı. Bununla da Qurtuluş savaşının hərbi baxımdan ən mühüm mərhələlərindən biri başa çatdı.

Bu qələbədən sonra Mustafa Kamal Paşanın məşhur əmri səsləndi:

“Ordular! İlk hədəfiniz Aralıq dənizidir. İrəli!”

Türk ordusu geri çəkilən yunan qüvvələrini təqib edərək qərbə doğru irəlilədi.

Dumlupınar qələbəsindən sonra yunan ordusunun Anadolu daxilindəki mövqeləri sürətlə dağıldı. Türk ordusu qısa müddət ərzində böyük əraziləri azad etdi.
Sentyabrın 9-da türk qoşunları İzmirə daxil oldu.

Bunun ardınca Qərbi Anadolunun işğaldan azad edilməsi prosesi tamamlandı və 18 sentyabr 1922-ci il etibarilə Anadoluda yunan hərbi qüvvələrinin əsas mövcudluğu sona çatdı.

Beləliklə, Dumlupınarda əldə edilən qələbə təkcə bir döyüşün nəticəsi olmadı. Bu qələbə Anadolu torpaqlarının gələcək siyasi taleyini müəyyən edən hadisələr silsiləsinin əsas həlqəsinə çevrildi.

Qurtuluş savaşının hərbi qələbə ilə başa çatması Türkiyənin siyasi gələcəyi üçün də yeni mərhələ yaratdı.

1922-ci il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisi səltənəti ləğv etdi. 1923-cü il iyulun 24-də Lozanna müqaviləsinin imzalanması ilə yeni Türkiyə dövlətinin beynəlxalq mövqeyi möhkəmləndi.

Nəhayət, 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edildi və Mustafa Kamal Paşa yeni dövlətin ilk prezidenti seçildi.
Beləliklə, 30 Avqust qələbəsi Türkiyə Cümhuriyyətinin qurulmasına aparan yolun ən mühüm hərbi mərhələlərindən biri kimi tarixə düşdü.

30 Avqust qələbəsi ilk dəfə 1923-cü ildə qeyd edildi. 1924-cü ildə Dumlupınarda keçirilən mərasimdə Mustafa Kamal Paşa da iştirak etdi.

1926-cı ildən etibarən bu gün rəsmi şəkildə Zəfər Bayramı adı ilə qeyd olunmağa başladı. 1935-ci ildə isə 30 Avqust rəsmi milli bayram statusu aldı.

Dumlupınar qələbəsinin əhəmiyyətini yalnız hərbi nəticələrlə məhdudlaşdırmaq olmaz. Bu qələbə milli iradənin, təşkilatlanmanın və müstəqillik uğrunda mübarizənin nəticəsi idi.
Mustafa Kamal Atatürkün rəhbərliyi altında türk milli hərəkatı işğal təhlükəsi ilə üzləşən Anadolu torpaqlarında siyasi və hərbi müqaviməti vahid məqsəd ətrafında birləşdirdi.

Atatürk sonralar bu mübarizənin mahiyyətini milli müstəqillik ideyası ilə əlaqələndirərək yazırdı:

“Bu əsər türk millətinin hürriyyət və istiqlal fikrinin əbədi abidəsidir.”

Bu baxımdan 30 Avqust türk tarixində yalnız qələbə günü deyil, həm də milli dövlətçilik ideyasının möhkəmləndiyi gün kimi qiymətləndirilir.

Azərbaycan və Türkiyənin ortaq Zəfər ruhu
Azərbaycan və Türkiyə xalqları arasında tarixi, mədəni və mənəvi bağlar bu gün də xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan xalqı Türkiyənin milli mübarizəsini tarix boyu diqqətlə izləyib və bu mübarizəyə mənəvi dəstək verib.

Türkiyənin 30 Avqust Zəfəri ilə Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə arasında müxtəlif tarixi və siyasi fərqlər olsa da, hər iki hadisədə milli iradə, ərazi bütövlüyü və müstəqillik ideyalarının xüsusi yeri var.
30 Avqust bu mənada türk dünyasının tarixində müstəqillik və dövlətçilik əzminin simvollarından biri olaraq yaşayır.

Dumlupınarda qazanılan qələbə bir savaşın sonu, yeni Türkiyənin isə başlanğıcı oldu. 30 Avqustun tarixi əhəmiyyəti də məhz buradadır: bu tarix bir millətin ağır sınaq qarşısında geri çəkilməyərək öz gələcəyini müəyyənləşdirməsinin simvoluna çevrilib.

Qoşqar Salmanlı 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki