Avstraliya təhlükəli heyvanların çoxluğu ilə tanınsa da, ilan sancmalarının sayına görə dünyada ilk sırada deyil. Korrekt.az xəbər verir ki, yeni araşdırmaya görə, ilanların insanları ən çox dişlədiyi ölkə Hindistandır.
Araşdırma Liverpul Tropik Tibb Məktəbinin alimləri tərəfindən aparılıb və nəticələr PLOS Medicine jurnalında dərc olunub.
Tədqiqatçılar 2007-ci ilin yanvarından 2025-ci ilin martınadək 79 ölkədə ilan sancmaları ilə bağlı dərc edilmiş elmi araşdırmaları təhlil ediblər.
Hesablamalara əsasən, dünyada hər il təxminən 2,1 milyondan 7 milyona qədər ilan sancması hadisəsi baş verir. Bu hadisələr nəticəsində ildə 274 min-513 min arasında insan həyatını itirir. Alimlər isə real göstəricilərin daha yüksək ola biləcəyini bildirirlər.
Hindistan ilk sıradadır
İlan sancmalarının sayına görə Hindistan dünya lideridir. Ölkədə hər il təxminən 409 min-1,3 milyon ilan sancması hadisəsi baş verdiyi təxmin edilir.
Reytinqdə ikinci yeri Nigeriya tutur. Burada illik ilan sancmalarının sayı 666 minə qədər çata bilər. İndoneziya isə 490 minə qədər hadisə ilə üçüncü sıradadır.
Sonrakı yerlərdə Konqo Demokratik Respublikası (467 minə qədər), Efiopiya və Keniya qərarlaşıb.
İlk onluğa, həmçinin Banqladeş, Uqanda, Pakistan və Braziliya daxildir. Araşdırmaya görə, dünyada qeydə alınan bütün ilan sancmalarının təxminən 75 faizi ilk 20 ölkənin payına düşür.
Alimlər xüsusilə Saharaaltı Afrikadakı vəziyyətin narahatedici olduğunu vurğulayırlar. Hesablamalara görə, dünyadakı ilan sancmalarının və bu səbəbdən baş verən ölümlərin təxminən 45 faizi məhz bu regionun payına düşür.
Tədqiqatçılar bildirirlər ki, aşağı gəlir səviyyəsi ilan sancmalarının və ölüm hallarının daha çox olması ilə sıx əlaqəlidir. Tibbi yardıma çıxışın məhdudluğu, zərdabların əlçatan olmaması və məlumatların yetərsizliyi də problemin miqyasını artıran amillər sırasındadır.
Araşdırma müəllifləri qeyd edirlər ki, xüsusilə aşağı gəlirli ölkələrdə aktual statistikanın olmaması ilan sancmalarının real miqyasını dəqiq müəyyənləşdirməyə imkan vermir.
Alimlərin qənaətinə görə, əvvəlki hesablamalar dünyada baş verən ilan sancmalarının ümumi sayını əhəmiyyətli dərəcədə aşağı qiymətləndirmiş ola bilər.
Beləliklə, təhlükəli heyvanları ilə məşhur olan Avstraliya bu göstəricidə lider deyil. Dünyada ilan sancmalarının ən çox qeydə alındığı ölkə Hindistandır.





















