ABŞ-la İsrailin birlikdə İrana qarşı başlatdıqları savaşın 6 ayı tamam olur. Doğrudur, hazırda hərb meydanında faktiki əməliyyatlar aparılmır, amma gərginlik pik həddə qalmaqda davam edir.
Bu yarım il ərzində Yaxın Şərqdə qüvvələr nisbəti, hərbi imkanlar və siyasi hesablamalar ciddi şəkildə dəyişib. ABŞ və İsrailin İranın hərbi və nüvə infrastrukturuna zərbələri ilə başlayan müharibə artıq yalnız raket və hava hücumlarından ibarət deyil. Qarşıdurma iqtisadi təzyiq, dəniz blokadası, enerji bazarları və xüsusilə Hörmüz boğazı üzərində nəzarət uğrunda mübarizə mərhələsinə keçib. Altı ayın sonunda isə tərəflərdən heç biri qarşı tərəfi tam kapitulyasiyaya məcbur edə bilməyib və münaqişə getdikcə daha çox uzunmüddətli qarşıdurma xarakteri alır.
28 fevraldan başlayan bu müharibə İran üçün ağır itkilər və ciddi iqtisadi təzyiqlərlə, ABŞ və İsrail üçün isə böyük hərbi üstünlüyə baxmayaraq, Tehranın müqavimət imkanlarını tam aradan qaldıra bilməməsi ilə yadda qalmaqdadır. İranın ali rəhbərliyində dəyişiklik baş versə də, hakimiyyət sistemi hələ də ayaqdadır. Vaşinqton isə sanksiyalar və iqtisadi blokada vasitəsilə Tehranı geri addım atmağa məcbur etməyə çalışır.

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, beynəlxalq təcrübə göstərir ki, müharibə qısa müddətdə başa çatmırsa və tərəflərdən heç biri digərinə həlledici üstünlük əldə edə bilmirsə, münaqişənin nəticəsini proqnozlaşdırmaq da çətinləşir:
“ABŞ-İran qarşıdurmasında da hazırda məhz belə bir vəziyyət müşahidə olunur. Müharibə başlamazdan əvvəl İran ABŞ-la birbaşa qarşıdurmadan müəyyən qədər çəkinirdi. Hörmüz boğazında gəmiçilik nisbətən sərbəst və maneəsiz həyata keçirilir, qlobal enerji bazarlarında isə müəyyən sabitlik hökm sürürdü. Lakin müharibənin gedişində tərəflər öz hərbi imkanlarını və nəyə qadir olduqlarını nümayiş etdirdilər. İranın uzaqmənzilli raket imkanları xüsusilə diqqət çəkdi və müharibənin gedişinə təsir edən əsas amillərdən birinə çevrildi. Digər tərəfdən, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə baxmayaraq, İranın nüvə proqramını tamamilə dayandırmaq mümkün olmadı. Əksinə, İran raket sənayesini inkişaf etdirməyə və daha dayanıqlı müdafiə sistemi formalaşdırmağa çalışır. Bu gün əsas problem ondan ibarətdir ki, tərəflər arasında münaqişənin siyasi və diplomatik yolla dayandırılmasına dair real və davamlı təmaslar görünmür. Bu isə müharibənin taleyinin hələ də qeyri-müəyyən olduğunu göstərir.
Bəs altı ayın sonunda kim nə qazandı?
Əvvəlcə ABŞ-la bağlı fikrimizi ifadə etsək, demək olar ki, müharibənin bu qədər uzanması Vaşinqtona ciddi əlavə üstünlüklər gətirməyib. Əksinə, dünyanın ən böyük hərbi potensialına malik ölkəsi kimi ABŞ-ın imicinə müəyyən zərbə dəyib. ABŞ hərbi qarşıdurma ilə yanaşı, İranı iqtisadi cəhətdən zəiflətmək məqsədilə sanksiya siyasətini də daha da sərtləşdirir. Hətta İranla ticarət-iqtisadi əlaqələri davam etdirən ölkələrə qarşı dollarla ödəniş sistemindən məhrumetmə və digər maliyyə məhdudiyyətləri ilə bağlı təhdidlər səslənir. Lakin burada bir paradoks da var. ABŞ dolları beynəlxalq maliyyə sistemində siyasi təzyiq vasitəsi kimi nə qədər çox istifadə edərsə, digər ölkələrin alternativ ödəniş mexanizmlərinə və valyutalara marağı da bir o qədər arta bilər. Bu isə uzunmüddətli perspektivdə dolların qlobal maliyyə sistemindəki mövqeyinə müəyyən təzyiq yarada bilər.
Bu baxımdan hesab edirəm ki, ABŞ-ın İranla genişmiqyaslı hərbi qarşıdurmaya başlaması strateji baxımdan Vaşinqtona gözlənilən üstünlükləri verməyib. Əksinə, müharibənin uzanması ABŞ üçün həm siyasi, həm də iqtisadi baxımdan əlavə risklər yaradır”.
Deputat hesab edir ki, İran üçün bu müharibə ilk növbədə dövlətçiliyi və suverenliyi qorumaq mübarizəsidir: “Əlbəttə, bu gün İranda iqtisadi vəziyyət heç də ürəkaçan deyil. Milli valyutanın dəyər itirməsi, sanksiyaların yaratdığı məhdudiyyətlər və Fars körfəzində gərginliyin davam etməsi ölkənin ticarət-iqtisadi əlaqələrinə mənfi təsir göstərir. Amma İranın əsas qazancı ondan ibarətdir ki, bütün bu təzyiqlərə baxmayaraq, dövlət idarəçiliyinin və siyasi sistemin davamlılığını qoruyub saxlaya bildiyini nümayiş etdirib. İran həm də hərbi imkanlarını qoruduğunu və uzunmüddətli müqavimət göstərmək potensialına malik olduğunu ortaya qoyub. Hörmüz boğazı da bu qarşıdurmada İranın əlində mühüm strateji təzyiq vasitəsinə çevrilib. Burada istənilən gərginlik yalnız tərəflərə deyil, bütün qlobal enerji bazarlarına təsir göstərə bilər. Ona görə də Hörmüz boğazında təhlükəsizliyin pozulması neft və qaz qiymətlərinin kəskin artmasına, logistika və sığorta xərclərinin yüksəlməsinə və nəticə etibarilə qlobal inflyasiya təzyiqlərinin güclənməsinə səbəb ola bilər. Nəticə olaraq, altı ayın sonunda ABŞ-İran müharibəsinin qalibi yoxdur. Tərəflərin hər birinin müəyyən üstünlükləri və itkiləri var. Ən böyük itki isə qlobal sabitlik və iqtisadi təhlükəsizlik baxımından yaranır.
Əgər tərəflər siyasi və diplomatik razılaşmaya nail ola bilsələr, bu, yalnız ABŞ və İran üçün deyil, bütün dünya üçün müsbət nəticə verə bilər. Çünki bu gün qlobal iqtisadiyyatın ən çox ehtiyac duyduğu amillərdən biri məhz sabitlik və proqnozlaşdırıla bilən enerji bazarlarıdır”.Musavat.com





















