İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ilə bağlı bir sıra qalmaqallı iddialar ortaya atılıb.
Korrekt.az xəbər verir ki, İsrailin “Kanal 12” televiziya kanalının yayımladığı reportajda keçmiş ev işçilərindən biri kimi təqdim olunan Y. adlı şəxsin sözlərinə görə, Sara Netanyahu evdə çalışanlara qarşı alçaldıcı rəftar edib.
İddiaya əsasən, xüsusilə afrikalı işçilərin öz geyimləri ilə evə daxil olmasına icazə verilməyib. Onların evin qarşısında soyunmağa məcbur edildiyi və daha sonra başqa geyimlə təmin olunduğu bildirilib.
Keçmiş əməkdaşın sözlərinə görə, işçilər evə daxil olmamışdan əvvəl əllərini üç dəfə yumalı, həmçinin xalçaların üzərinə basmamaq üçün yalnız müəyyən marşrutla hərəkət etməli olublar.

Reportajda daha bir iddia isə işçilərə verilən qidalarla bağlıdır. Bildirilir ki, Sara Netanyahu bəzi hallarda ev əməkdaşlarına istifadə müddəti bitmiş ərzaqlar verib və onları bu məhsulları yeməyə məcbur edib.
Keçmiş işçinin sözlərinə görə, o, əməkdaşlardan birini mütəmadi olaraq təhqir edərək “Mən ölkənin baş psixoloquyam, sən isə autistsən” ifadəsini işlədib.
İddialar bununla da bitmir. Bildirilir ki, cütlüyün oğlu Yair Netanyahu da ev işçilərinə qarşı kobud davranıb, onları itələyərək yerə yıxıb, əlavə iş saatlarına görə ödəniş etməyib. Həmçinin çarpayı örtüklərinin yaxşı yuyulmadığını əsas gətirərək işçilərdən birini təpiklədiyi iddia olunur.
Qeyd edək ki, Sara Netanyahu və Baş nazirin ofisi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.“AzPolitika.info”





















