Korrekt.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ölkəsi üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu proses Azərbaycanla sülhün institutlaşdırılması qədər vacib olsa da, iki istiqamət bir-birindən asılı deyil.
Nazir hesab edir ki, Ermənistan–Türkiyə münasibətlərinin tam normallaşması Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara da müsbət təsir göstərə bilər.
Mirzoyan Washingtonda 8 avqust tarixində keçirilən sülh sammitində regional nəqliyyat infrastrukturunun açılması ilə bağlı əsas prinsiplərin razılaşdırıldığını xatırladıb. O bildirib ki, bu prinsiplər ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılığı əhatə edir.
Nazirin sözlərinə görə, həmin çərçivədə müəyyənləşdirilən TRIPP marşrutu Azərbaycanı Naxçıvanla, Ermənistanı isə digər ölkələrlə birləşdirəcək, həmçinin regionları daha geniş coğrafiya ilə əlaqələndirəcək.
Mirzoyan son olaraq qeyd edib ki, İrəvan razılaşdırılmış layihənin tezliklə reallaşdırılması üçün aktiv çalışır.





















