Yeni təyin olunmuş Mossad rəhbəri Türkiyəyə nüvə başlıqları satmağı təklif etdi
İsrailin xarici kəşfiyyat xidməti Mossadın yeni direktoru, general-mayor Roman Qoffmanın Türkiyə üçün “nüvə” təklifi böyük diqqət çəkib.
Nəşrlərə görə, Qoffman 2019-cu ildə magistr dissertasiyasının bir hissəsi olaraq İsrailin regional tarazlığı təmin etmək üçün Türkiyəyə, eləcə də Misir və Səudiyyə Ərəbistanına nüvə başlıqları satmasını təklif etmişdi.
İsrail Baş naziri Binyamin Netanyahunun əmri ilə Qoffmanın Mossad rəhbəri vəzifəsinə təyin edilməsi ciddi daxili tənqidlərə səbəb olub. Tənqidçilər Qoffmanın kəşfiyyat təcrübəsinin az olduğunu və xidmətin işini təhlükəyə ata biləcəyini qeyd ediblər. Həmçinin qeyd olunur ki, Qoffman əvvəllər mübahisəli fəaliyyətlərlə məşğul olub və bu mövzu onun təyinatı kontekstində yenidən qaldırılıb. General-mayor vəzifəsinin icrasına iyunun 2-də başlayacaq.





















