image-fb_img_1765984955145backend

Nazir Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub – FOTOLAR 

image-ads-728x90

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Yeni Klinikanın nəzdində fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov da iştirak ediblər.

Nazirə mərkəzin infrastrukturu, yaradılmış şərait və tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat verilib.

Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan nazir Yeni Robotik Reabilitasiya Mərkəzinin ölkədə reabilitasiya xidmətlərinin inkişafı və sosial müdafiə sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O dövlətin əsas prioritetlərindən biri əlilliyin qarşısının alınması, reabilitasiya imkanlarının genişləndirilməsi və bu sahədə kompleks yanaşmanın formalaşdırılması olduğunu bildirib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə məlumat verib ki, robotik reabilitasiya texnologiyaları ağır travmalar, onurğa beyni zədələnmələri, insult və digər funksional məhdudiyyətlər zamanı bərpa prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artırır.

Bildirilib ki, mərkəzdə tətbiq olunan müasir robotik sistemlər, yüksək dəqiqlikli sensor texnologiyaları və süni intellektə əsaslanan avadanlıqlar vasitəsilə müalicə prosesi pasiyentlərin fərdi ehtiyaclarına uyğun şəkildə planlaşdırılır və real vaxt rejimində izlənilir.

Bu cür mərkəzlərin müharibə iştirakçıları, ağır travmalar almış və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin cəmiyyətə reinteqrasiyasında mühüm rol oynayacağı, eyni zamanda xaricə müalicəyə göndərilən pasiyentlərin sayının azalmasına töhfə verəcəyi vurğulanıb.

Gələcəkdə robotik reabilitasiya xidmətlərinin genişləndirilməsi, bu modelin digər tibb müəssisələrində tətbiqi və beynəlxalq əməkdaşlıqların qurulması müzakirə olunub.

Qeyd edək ki, Yeni Robotik Reabilitasiya Mərkəzinin yaradılmasında əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək, hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq və ölkədə əlillik səviyyəsinin azaldılmasına töhfə verməkdir.

image-fb_img_1765984955145 image-fb_img_1765984951876 image-fb_img_1765984949045 image-fb_img_1765984945828 image-fb_img_1765984942586



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki