Azərbaycan daim reallaşdırdığı uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyev hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Dövlət başçımızın aprelin 30-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Görüş zamanı dövlətimizin başçısı ölkəmizdə idmanın uğurla inkişaf etdiyini, respublikamızda idman sahəsində həyata keçirilən dövlət siyasətinin idmançılarımızın yerli və beynəlxalq arenalarda qələbələrini xüsusi qeyd edib.
Prezident İlham Əliyev görüşdə deyib ki, “güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq”. Dövlətimizin başçısı bildirib: “Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulub”.
Qeyd edilib ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Dövlətimizin başçısı deyib ki, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, “Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda inkişaf edir”.
Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları bir daha sübut etdi ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir. Müasir dövrümüzdə Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursunu alqışlayır və bu siyasətin icrasında daim onun yanındadır. Bəli, bu gün Azərbaycan gəncliyi hər bir sahədə inkişaf edir, öz bilik, bacarıq, dil savadı ilə seçilirlər və qürurvericidir ki, Liderimiz gənclərimizin daima yanındadır, biz gənclər üçün bir örnəkdir. Biz gənclər də hər bir sahədə bu etimadı doğrultmaq üçün əllərimizdən gələni əsirgəməməliyik.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası





















