image-square_1280_webp_c534f76569e1765552258a5e7044d495backend

Orban: Ukraynanın məğlubiyyəti Avropanı çökdürəcək

image-ads-728x90

Macarıstanın baş naziri Viktor Orban Avropa ölkələrinin Ukraynanın məğlubiyyətini etiraf etməsinin Avropa İttifaqında ciddi siyasi silkələnmələrə səbəb olacağını bildirib. Onun sözlərinə görə, belə bir açıqlama Aİ daxilində fundamental dəyişikliklərə və Ukrayna müharibəsinin uzanmasına mane olan siyasətçilərin kütləvi istefalarına yol aça bilər.

Korrekt.az xəbər verir ki, Orban qeyd edib ki, 2022-ci ildə müzakirə edilən, lakin Qərb dövlətlərinin təzyiqi ilə baş tutmayan sülh razılaşmasının şərtləri Ukrayna üçün indiki vəziyyətdən qat-qat sərfəli idi.

Macarıstan hökumət başçısı müharibədən sonra Ukraynanın ən məqsədəuyğun siyasi modelinin Rusiya və NATO arasında tampon zona olması olduğunu deyib. Onun fikrincə, Avropanın gələcək təhlükəsizlik arxitekturası məhz bu prinsip üzərində qurulmalıdır.

Orban bildirib ki, Kiyev Rusiyaya müəyyən ərazi güzəştlərinə getməli olacaq və bu qərarlar beynəlxalq sülh konfransında rəsmiləşdiriləcək. O, həmçinin poslmüharibə Ukraynasının sərhədlərinin NATO-nun şərq cinahının qərbində müəyyənləşdirilməli olduğunu vurğulayıb.

Baş nazir əlavə edib ki, müharibədən sonra qalan Ukraynanın Aİ-yə üzvlüyü arzuolunan deyil və maksimum halda ittifaqın strateji tərəfdaşı ola bilər.

Noyabrın 28-də Viktor Orban Moskvanı ziyarət edərək Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, Macarıstanın Ukrayna üzrə sülh danışıqları üçün platforma təklif etməyə hazır olduğunu bildirib.

Almaniya kansleri Fridrix Mers səfərin Aİ mandatı olmadan həyata keçirildiyini deyərək Orbanı tənqid edib. Buna cavab olaraq Macarıstanın xarici işlər naziri Péter Sijjártó bildirib ki, Budapeşt müstəqil xarici siyasət yürüdür və Brüsseldən icazə almağa ehtiyac duymur.

Orban Putinə ünvanladığı təklifdə Macarıstanın sülh prosesində vasitəçilik etməyə və danışıqlar üçün şərait yaratmağa hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ukrayna ilə sərhədyanı ölkə kimi Macarıstan müharibənin bütün təsirlərini birbaşa hiss edir və regionda sabitliyin bərpasında maraqlıdır.

Baş nazir Moskva görüşünü uğurlu adlandıraraq, ölkəsinin enerji təchizatının etibarlı olaraq qaldığını qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki