Ermənistanda seçkiöncəsi vəziyyət daha bir qalmaqalla diqqət çəkir.
Korrekt.az erməni mediasına istinadla xəbər verir ki, Baş nazir Nikol Paşinyanınkeçmiş xanımı Anna Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” Fondunun fəaliyyəti qanun pozuntusu iddiaları ilə gündəmə gəlib.
Akopyan jurnalistlərin “seçki dövründə xeyriyyə fəaliyyətinin dayandırılması mümkündürmü?” sualını cavabsız qoyub. Halbuki, o, bir neçə gün əvvəl sosial şəbəkədə yayılan ittihamlara münasibət bildirərək fondun fəaliyyətinin siyasi məqsəd daşımadığını və seçkilərlə əlaqələndirilə bilməyəcəyini iddia etmişdi.
Maraqlıdır ki, Artur Nahapetyanın rəhbərlik etdiyi Anti-korrupsiya Komitəsi də fondla bağlı hər hansı cinayət işinin olmadığını açıqlayıb. Bu, qurumun bir neçə ay əvvəl müxalifətin şikayətləri əsasında araşdırma apardığını deməsindən sonra baş verir.
Ancaq hüquq-mühafizə orqanlarının passivliyi fonunda “Müstəqil müşahidəçi” Alyansı daha sərt mövqe ortaya qoyub. Alyans fondun fəaliyyəti ilə bağlı 15 epizod üzrə inzibati pozuntu qeydə alındığını bildirərək məhkəməyə müraciət edib.
Müşahidəçilərin açıqlaması isə maraqlı nüans ortaya qoyur: birbaşa seçki təşviqatı faktı qeydə alınmasa da, fondun fəaliyyəti hakim “Vətəndaş Müqaviləsi” Partiyası ilə açıq şəkildə assosiasiya olunur. Bu isə seçki qanunvericiliyinə görə problem yaradır.
Onların fikrincə, fondun həyata keçirdiyi proqramlar – ailələrə istixanaların verilməsi, təlim kursları, məktəblərə müxtəlif materialların paylanması formal olaraq xeyriyyə kimi təqdim olunsa da, siyasi kontekstdə qiymətləndirildikdə qanun pozuntusu sayılır.
Qalmaqalı daha da dərinləşdirən isə müxalifət nümayəndəsinə münasibətdə fərqli yanaşmadır. “Güclü Ermənistan” partiyasının üzvü Qohar Qumaşyan xeyriyyə fəaliyyəti ilə bağlı saxlanılıb və ona cinayət işi açılıb. Hüquqşünaslar bildirir ki, qanunda açıq fərq var: fondlar vasitəsilə xeyriyyə fəaliyyəti inzibati məsuliyyət yaradırsa, namizədlərin və partiya üzvlərinin birbaşa fəaliyyəti cinayət məsuliyyəti doğurur. Lakin müdafiə tərəfi bunu “ikili standart” və “seçmə ədalət” kimi qiymətləndirir.
Əgər məhkəmə pozuntuları təsdiqləsə, Anna Akopyanı 6 milyon dramadək cərimə gözləyir.
Beləliklə, Ermənistan seçkiləri ərəfəsində hakimiyyətə yaxın strukturların fəaliyyəti ətrafında mübahisələr daha da dərinləşir. Siyasi rəqabətin hüquqi müstəviyə daşınması isə seçki prosesinin şəffaflığı ilə bağlı sualları artırır.“AzPolitika.info”





















