Korrekt.az xəbər verir ki, Tayvan Universitetinin alimləri qaraciyər xərçəngi ehtimalını xəstəlik ortaya çıxmazdan illər əvvəl qiymətləndirməyə imkan verən yeni və sadə diaqnostik üsul hazırlayıblar. Clinical and Molecular Hepatology (CMH) jurnalının məlumatına görə, SAFE adlı bu yeni hesablamalar sistemi yaş, bədən çəkisi, diabetin mövcudluğu və bir neçə standart qan göstəricilərindən — qaraciyər fermentləri, trombositlər və qlobulinlərdən istifadə etməklə müəyyən edilir.
Tədqiqat çərçivəsində alimlər müxtəlif xroniki qaraciyər xəstəlikləri olan təxminən 13 min xəstənin məlumatlarını analiz ediblər. Araşdırma göstərib ki, SAFE balı 100-dən yuxarı olduqda qaraciyər xərçəngi riski orta hesabla 7,5 dəfə artır. Bu metod hepatit, alkoqollu qaraciyər xəstəliyi və xüsusilə daha əvvəl konkret izləmə protokolu olmayan yağlı qaraciyər xəstəliyi (MASLD) üçün də effektivdir.
Nəticələr daha geniş — 120 min nəfərin məlumatlarının yer aldığı xarici kohortlarda da təsdiqlənib. Mütəxəssislər bildirirlər ki, SAFE sistemi kimin mütəmadi izləməyə ehtiyacı olduğunu və kimin riskinin aşağı olduğunu dəqiq müəyyən etməyə imkan verir.
Alimlər ümid edirlər ki, bu sadə və əlçatan alət yaxın zamanda klinik praktikaya daxil ediləcək və qaraciyərdə təhlükəli dəyişikliklərin daha erkən aşkar edilməsinə şərait yaradacaq.
Qeyd edək ki, daha əvvəl elm adamları nadir rast gəlinən fibrolamellyar qaraciyər xərçənginə qarşı peyvəndi uğurla sınaqdan keçirmişdilər.





















