Avstraliyanın Sidney şəhərində bir cütlük kart oyunlarını gizli şəkildə izləmək üçün quraşdırılmış kameralar və qulaqdaxili cihazlardan istifadə edərək təxminən 1,2 milyon Avstraliya dolları (təqribən 784 min ABŞ dolları) məbləğində qanunsuz qazanc əldə etməkdə ittiham olunur.
Korrekt.az xəbər verir ki, Yeni Cənubi Uels (NSW) polisinin məlumatına görə, qazaxıstanlı 36 yaşlı Dilnoza İsrailova kazinoda Mickey Mouse təsvirli köynəyinə gizlədilmiş kiçik kamera aşkar edildikdən sonra saxlanılıb. Daha sonra o və həyat yoldaşı, 44 yaşlı Əlişirxoca İsrailov həbs edilib.
Aparılan axtarış zamanı polislər kart oyunlarını manipulyasiya etmək üçün istifadə edildiyi iddia olunan mobil telefonlara bərkidilmiş maqnit zondlar, güzgü tipli qurğular və digər avadanlıqlar aşkarlayıb.
Cütlük “oyunda əsassız üstünlük qazanmaq” ittihamı ilə həbs edilib və onların girov qarşılığında azadlığa buraxılması tələbi təmin olunmayıb.
NSW polisinin açıqlamasına görə, cütlük oktyabr ayında Qazaxıstandan Avstraliyaya gəlib və həmin gün Sidney kazinosuna üzvlük üçün müraciət edib. Sonrakı həftələrdə dəfələrlə kazinoya gedən cütlük ümumilikdə 1 179 412 AUD məbləğində uduş əldə edib ki, bu da işçilərin şübhəsinə səbəb olub.
İstintaqa əsasən, gizli kameralar cib telefonlarına qoşularaq kartların görüntülərini uzaqdan izləməyə imkan verib. Cütlüyün qulaqdaxili cihazlardan istifadə etməklə mərc zamanı göstəriş aldığı iddia olunur.
Cütlüyün kirayədə yaşadığı mənzildə aparılan əlavə axtarış zamanı daha çox qumar avadanlığı, qiymətli zinət əşyaları və 2000 avro məbləğində nəğd pul tapılıb.
NSW polisi bildirib ki, cütlük cümə günü məhkəmə qarşısına çıxarılıb və hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Dilnoza İsrailovanın fevralda, Əlişirxoca İsrailovun isə dekabrın 11-də yenidən hakim qarşısına çıxacağı gözlənilir.





















