“Bu günün jurnalisti bütün texnoloji bacarıqları mənimsəməli, yüksək intellekt sahibi olmalıdır…”
Müasir dövrdə media, jurnalistika sahəsində həm müsbət, həm də mənfi mənada irəliləyiş müşahidə edə bilirik. Texnologiyanın inkişafı da buna təsir edən amillərdəndir. Peşəkar media hər zaman seçilir, öz sözünü deyir, prinsiplərini mühafizə edir. Lakin yalançı “jurnalistlər”in sayı da az deyil. Onlar İP yığmaq üçün insanları yalnış, saxta xəbərlərlə cəlb edərək məqsədlərinə çatmaq istəyirlər. Hazırda sosial şəbəkələrin, texnoloji vasitələrin, süni intellektin inkişafı yeni-yeni imkanlar qazandırır.
Zefer.media olaraq müasir media və texnologiya barədə əməkdar jurnalist, publisist, televiziya tənqidçisi, BDU-nun professoru Qulu Məhərrəmli ilə həmsöhbət olduq.
– 21-ci əsrdə hər sahədə yeniliklər baş verdiyi kimi elə mediamız da müasir dövrə qədəm qoyub. Sosial şəbəkələrin mövcudluğu və getdikcə təkmilləşdirilməsi onun fəaliyyətinə necə təsir göstərir?
-Sosial şəbəkələrə yanaşma müxtəlifdir. Bir qisim şəxs vətəndaş platforması hesab edir. Digərləri ayrı-ayrı fərdlərin öz fikir və düşüncələrini ifadə etmək üçün sərbəst mühit sayır. Bu baxımdan yanaşdıqda media üçün sosial şəbəkə: 1. Media üçün məlumat mənbələrindən biridir, lakin yoxlaq, dəqiqləşdirmək mütləqdir; 2. Medianın özü üçün təmsil olunmaq baxımından da bir platformadır. Sosial şəbəkə mühitində də həmin media subyekti görünür, materiallarını paylaşır. Mahiyyət etibarilə sosial şəbəkələrdə informasiyanın keyfiyyətini, dürüstlüyünü təmin edir. Ona görə də sosial şəbəkə ilə peşəkar media arasında zəncirvari bağlar mövcuddur.
-Texnologiya həyatımızın bir parçasına çevrilib, onlardan biri məhz süni intellektdir. Süni zəkadan mənfi yöndə istifadə halları xeyli artıb, şübhəsiz həmin vəziyyət xəbərlərin düzgünlük, dəqiqlik və keyfiyyətinə də təsirsiz ötüşmür. Belə olduğu təqdirdə süni intellektin jurnalistikada istifadəsini gələcək üçün təhlükə, yoxsa böyük imkan kimi görək?
-Süni zəka günümüzün reallığı, bir vasitədir. Qələm, bloknot, diktofon kimi, amma o daha böyük imkanlara malikdir. Həmin texnologiya özü heç nə yaratmır, süni intellekti idarə edən insandır, jurnalistdir. Sözügedən üstünlüklərdən ağılla yararlanmağı bacarıq istəyir. Son zamanlar süni zəkanın jurnalistikaya təsiri xeyli artıb. Ötən il dünya üzrə statistika da bunu bəlli edir. Belə ki, media materiallarının toplanması və işlənməsində süni intellekt 12-15 faiz iştirak edib, həmin rəqəmlər artmaqda davam edir. Təbii ki, onun təhlükələri də çoxdur. Jurnalistləri tənbəlləşdirir, qeyri-dəqiq, ya da tamamilə səhv informasiyalar, xəbərlər verə bilir. Ona görə də bütün məlumatlar redaktə olunmalı, beyin süzgəcindən keçirilməlidir.
-Jurnalistdən digər keyfiyyətlərlə yanaşı operativlik də xüsusi tələb edilir. Bu cür demək mümkünsə bütün media qurumları həmin xüsusiyyəti öncəlik sayır. Nə düşünürsünüz, informasiya sürəti xəbərin doğruluq və keyfiyyətini arxa plana atmır?
– Jurnalistikada adıçəkilən iki məsələ həmişə üz-üzə dayanıb. İnformasiya, xəbər operativ, yoxsa dəqiq, dürüst olmalıdır. Ən yaxşı yanaşma isə belədir ki, xəbər həm operativ, həm də düzgün, qərəzsiz hazırlansın. Həmin keyfiyyətləri birləşdirmək isə yüksək bacarıq tələb edir. Məncə xəbər hər zaman operativ olmaya bilər, amma doğru, obyektiv yazılması zəruridir. Xəbərin dəyərləri daim qorunmalıdır, vacib şərtdir.
– İnformasiya partlayışı əsrində “Fake news” və dezinformasiyanın yayılmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır ki, insanlar da ayıq olsun, aldanmasın, həmçinin, media nələr edə bilər, necə rol oynamalıdır?
-Saxta xəbərlər, xüsusilə “copy paste” sistemində sürətlə, təhlükəli şəkildə yayılır, özünə auditoriya tapır. Sensasiya xatirinə, məqsədli formada da yayılır. Dezinformasiyaları, informasiyanın yalan və ya həqiqi olmasını yoxlayan proqramlar tərtib edilməlidir. Media birinci növbədə həmin proqramlardan istifadə etməlidir. Təcrübəli redaktorlar yenə öz sözünü deməlidir, o məlumatların, xəbərin səhihliyini analiz edən proqramların köməyi ilə ictimaiyyətə həqiqi, düzgün qaydada ötürülməlidir.
-Texnologiyanın inkişafı jurnalistin peşə bacarıqlarını nə dərəcədə dəyişdirir, nələri qazandırır və bunu əsasən müsbət yoxsa mənfi qiymətləndirirsiniz?
-Texnologiyanın inkişafı fərd olaraq jurnalist üçün yeni bir dünya açır. 21-ci əsrin jurnalisti texnoloji, bəlli bacarıq və imkanlara sahib jurnalistdir. Müasir dövrdə jurnalistdən, reportyordan artıq həm sürətli yazı, həm çəkdiyi materialları montaj etmək, yazdığı məlumatı oxucu üçün tamam yararlı hala gətirmək tələb olunur. Əlbəttə kamera ilə çəkilişlə paralel ,onu montaj etmək, üzərində bacarıqla işləmək də istənilir. Bütün bunların hamısı müasir jurnalistikanın simasıdır, peşəkarlıqdır. Elə texnologiya məhz bunu tələb edir.
– Bəzi şəxslər, vətəndaşlar “televiziyaya baxmıram, xəbərləri internet – saytlar, “YouTube” və s. yollarla öyrənirəm” deyir. Sizcə, gələcəkdə televiziya mediası əvvəlki effektivliyini ürəkaçan səviyyədə qoruyub saxlaya biləcək? Məsələn elə götürək, audiovizual xəbərlər də kanalların öz sosial şəbəkə hesablarında, səhifələrində yayılır və tamaşaçılar oradan da izləyir…
-Əlbəttə, televiziyanın auditoriyası parçalanmış auditoriyadır. Dünənə qədər misal üçün bir verilişə milyon adam baxırdısa indi onun təxminən onda biri, onda ikisi izləyir. Bunun əsas səbəbi alternativ məlumat mənbələrinin ortaya çıxmasıdır. Yeni media həmin işi sürətləndirib, hər kəs informasiya, xəbərləri müxtəlif mənbələrdən alır. Ancaq demək olmaz televiziya rolunu itirib, hazırda məlumat almaq istəyənlər televiziyalara baxırlar. Hər halda TV platforması peşəkar xəbər ünvanıdır, bir tərəfdən ənənəvilik, o cümlədən orada informasiyanı yaratmaq, çatdırmaq sisteminin mükəmməlliyi televizyada mötəbərliyi təmin edir. Misal üçün elə insanlar var ki, saytları oxumur, məlumatları TV-dən alır. Auditoriyada bu seqment az olsa da mövcuddur. Televiziyada əvvəlki, ənənəvi proqram siyasətini tətbiq etmir, inkişaf edir, habelə radio da çox təkmilləşdirilir. Artıq verilişlər çıxarılır, gərəkli verilişlər, birinci növbədə xəbər önə çıxarılır. TV hazırkı rəqabətdə uduzmamaq üçün çox çevik və auditoriyanın zövqünü oxşayan materiallar hazırlamalıdır. Bugünkü tamaşaçıya, izləyiciyə nə lazım olduğunu ciddi şəkildə bilib öz ardınca aparmağı bacarmaq önəmlidir.
– Müasir auditoriyanın xəbər alma vərdişlərində əvvəlki illərlə müqayisədə nə kimi fərqlər ortaya çıxıb?
-İndi informasiya mənbələrinin xarakteri dəyişir. Əvvəllər məlumat əldə etmək üçün müəyyən çeşidli subyektlər var idi. İndi həm say çoxalır. Lakin bu artımla yanaşı mötəbərlik azalır. Xəbər almaq bir tərəfdən asanlaşır, ona görə ki, bizim informasiya aldığımız mənbələr artıq özləri könüllü şəkildə məlumat mənbəyinə çevrilir. Tutaq ki, kriminal xronikanı Daxili İşlər Nazirliyi və s. orqanlardan alırdıqsa, indiki dövrdə onların özlərinin saytı var və bütün məlumatlar, xəbərlər oradadır. Belə olan halda hansı materialı seçmək peşəkar medianın əsas sualına çevrilir: “Necə informasiya kütlə üçün maraqlıdır?”. Həmin xəbərlər də maraqlı, faydalı, uyğunluğu, insanları həyatına bağlı olmalıdır. Bir sözlə xəbər sosial, ictimai əhəmiyyət daşımalıdır. Belə olmayan xəbəri təqdim etməyin heç bir mənası yoxdur.
– Bəs rəqəmsal, onlayn platformalarda fəaliyyət göstərən jurnalistlərin əsas üstünlükləri və çətinlikləri nələrdir?
-Bütün media rəqəmsal sistemə keçib, bir çoxu onlayn fəaliyyət göstərir. Rəqəmsal fəaliyyət göstərməyin həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət tərəf istənilən an məlumatı səhifəyə qoyub kütləni cəlb etmək olur. Mənfi amilləri sadalasaq, nümunə olaraq o media subyektlərində çalışanlar 1 saat fasilə verdikdə istər-istəməz keyfiyyətsiz xəbərlər də qoya bilirlər. Bu da həmin media qurumunun imicinə zərər gətirir. Düşüncəli yanaşma mütləqdir. Jurnalistin ən böyük üstünlüyü onun yüksək xəbər duyumunun olmasıdır. Çətinlik də ondan ibarətdir ki, media qurumlarının onlayn çalışması həm də rəqabət mühiti də yaradır, öndə olmaq üçün həm peşəkar, həm də yüksək dərəcədə xəbər həssaslığına yiyələnmək lazımdır.
– Qulu müəllim, bütün bunların fonunda və müşahidələrinizə əsaslanaraq gələcəyin mediasını necə təsəvvür edirsiniz?
-Gələcəyin mediasının cızdığı xətt indidən görünür. Sözügedən media süni zəka, data əsaslı bir media olacaq. Yüksək peşəkarlıq gələcək medianın əsas simasıdır. Media bütöv olmadığı üçün o kateqoriyalara da bölünür. Mənim bəhs etdiyim peşəkar mediadır. Gələcəkdə də sarı mətbuat, sensasiya üçün saxta xəbər yazanlar da olacaq. Bundan qaçmaq mümkün deyil. Amma hesab edirəm ki, peşəkar, klassik media öz üstünlüyünü həmişə saxlayacaq.
– Bu məsuliyyətli yolda jurnalistlərə son tövsiyələriniz nələr olardı?
– Bu günün jurnalisti bütün texnoloji bacarıqları mənimsəməli, yüksək intellekt sahibi olmalıdır. Həmin biliklər təkcə süni zəka – chatgpt, digər platformaların yox, insanın özünün zəkası, məntiqi hesabına formalaşmalıdır. Həmçinin mükəmməl xəbər duyumu, istedadı olmalıdır. Hamısı bir arada yer almalı, vəhdət təşkil etməlidir.





















