Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı Demokrat.az-a deyib ki, bir neçə gün media otağında olub və jurnalistlərimizin fəaliyyətini müşahidə edib:
“Əlbəttə, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi bir neçə baxımdan mühüm əhəmiyyət daşıyır. O cümlədən, mediamızın beynəlxalq əlaqələrinin genişlənməsi və beynəlxalq tədbirlərin işıqlandırılması istiqamətində təcrübə qazanmasında böyük rol oynayır. Şübhəsiz ki, COP29 zamanı əldə olunan təcrübə WUF13 çərçivəsində də özünü göstərdi.
Dünən Mətbuat Şurası İdarə Heyətinin bir neçə üzvü ilə birlikdə Olimpiya Stadionunda olduq, həmçinin media otağına baş çəkdik. Orada həm yerli, həm də xarici jurnalistlərlə görüşdük, onlar üçün yaradılmış iş şəraiti ilə tanış olduq. Hamı bu şəraiti razılıqla qarşıladı. Agentlik rəhbərlərindən biri bildirdi ki, “burada böyük komandamız çalışır və təkcə dünən redaksiyaya göndərdiyimiz xəbərlərin sayı 300-ü keçmişdi”. Bu, redaksiyada da böyük təəccüb doğurmuşdu”.
O qeyd edib ki, jurnalistlər çox fəal çalışırlar:
“Müxtəlif ölkələrdən gələn qonaqların təəssüratlarını öyrənir, gün ərzində keçirilən çoxsaylı tədbirlər barədə operativ məlumatlar hazırlayırlar. Müşahidə etdik ki, Azərbaycan jurnalistləri həqiqətən də çox aktiv fəaliyyət göstərirlər. Onlar müxtəlif dillərdə qonaqlarla müsahibələr aparırlar. Bu prosesdə həm televiziya jurnalistlərimiz, həm agentliklərin, həm də digər media qurumlarının əməkdaşları fəallıq nümayiş etdirirlər. Bu mənada, WUF13 çərçivəsində Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirirəm. Bütün jurnalistlərə əməklərinə görə ehtiramımı bildirir, təşəkkür və təbriklərimi çatdırıram”.





















