image-1backend

Bakı-Moskva qatarı da bərpa olunur? – Ekspert gizli məqamları açıqladı

image-ads-728x90

Mayın 26-dan Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpa olunacağı açıqlandıqdan sonra Bakı-Moskva dəmiryol xəttinin yenidən işə düşməsi ehtimalı da müzakirə mövzusuna çevrilib. Maraqlıdır, Rusiyadan belə bir təşəbbüs gələrsə, Bakı-Moskva sərnişin qatarının fəaliyyəti yenidən bərpa oluna bilərmi?

Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadiyyat üzrə ekspert Razi Abasbəyli bildirdi ki, Bakı-Moskva arasında dəmiryol xəttinin açılması və sərnişin daşımalarının bərpası nəzəri baxımdan mümkündür. Lakin praktik müstəvidə bir sıra ciddi maneələr mövcuddur:

“İlk növbədə nəzərə almaq lazımdır ki, Bakı-Moskva qatarının əsas marşrutu Şimali Qafqaz istiqamətindən keçir və bu bölgədə təhlükəsizlik məsələləri xüsusi həssaslıq daşıyır. Qatarın hərəkət trayektoriyası boyunca təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi risklər qalır. Hazırda Rusiyanın müxtəlif bölgələrində, hətta Moskva ətrafında belə Ukrayna hərbi qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının hücumları müşahidə olunur. Bu baxımdan dəmiryolu xəttinin bərpası təhlükəsizlik riskləri ilə müşayiət edilir”.

Ekspertin sözlərinə görə, Bakı-Moskva sərnişin qatarının fəaliyyətinin bərpasına mane olan başqa amillər də var:

“Bunlardan biri Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalardır. Faktiki olaraq, bu sanksiyalar sözügedən marşrutun yenidən istifadəyə verilməsini çətinləşdirən əsas səbəblərdən hesab olunur. Əgər Azərbaycanın quru sərhədlərindən istifadə xüsusi rejimlə tənzimlənməsəydi, Bakı-Moskva qatarının fəaliyyəti ilə bağlı müəyyən müzakirələr aparmaq mümkün olardı. Lakin hazırda həm Azərbaycanın quru sərhədləri xüsusi rejim əsasında fəaliyyət göstərir, həm də Rusiya ərazisində davam edən hərbi münaqişə təhlükəsizlik baxımından əlavə problemlər yaradır. Məhz təhlükəsizlik riskləri və beynəlxalq sanksiyalar indiki mərhələdə Azərbaycanla Rusiya arasında dəmiryolu ilə sərnişin daşımalarının bərpasını çətinləşdirir”.

R.Abasbəyli bildirdi ki, gələcəkdə münaqişə ilə bağlı hər hansı sülh razılaşması əldə olunarsa, bu məsələ yenidən müzakirə predmeti ola bilər:

“Azərbaycan və Rusiya arasında əvvəlki dövrlərdə olduğu kimi sərnişin daşımalarının bərpası nəzəri baxımdan mümkündür. Digər mühüm məqam isə texniki və infrastruktur hazırlığıdır. Son illərdə Azərbaycan dəmir yolu infrastrukturunun yenilənməsi, rəqəmsal bilet satış sistemlərinin tətbiqi və xidmət keyfiyyətinin artırılması istiqamətində ciddi investisiyalar yatırıb. Lakin Rusiya tərəfi müharibə şəraiti səbəbindən bu istiqamətdə nəzərəçarpacaq yenilənmə və ya investisiya həyata keçirməyib. Bu səbəbdən Bakı-Moskva sərnişin qatarının yenidən təşkil olunması üçün uzunmüddətli hazırlıq prosesi tələb oluna bilər. Hər iki tərəfin texniki imkanlarının uyğunlaşdırılması, rəqəmsal sistemlərin inteqrasiyası və koordinasiyalı fəaliyyət vacib şərtlərdən biridir.

Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi dəmir yolu üzrə sərnişin daşımalarının bərpası təcrübəsi bunu göstərir. Uzun müddət ərzində infrastrukturun yenilənməsi, idarəetmə mexanizmlərinin uyğunlaşdırılması, bilet satışı sistemlərinin inteqrasiyası və digər rəqəmsal həllərlə bağlı qarşılıqlı müzakirələr aparılıb. Hətta Azərbaycan tərəfi Gürcüstan dəmir yolları əməkdaşlarına təlimlər də keçib və bu proses müəyyən müddət davam edib. Yalnız uzun hazırlıq mərhələsindən sonra Bakı-Tbilisi istiqamətində sərnişin daşımalarının bərpası mümkün olub”.

Analoji koordinasiya, təcrübə inteqrasiyası və investisiya yönümlü əməkdaşlığın Rusiya ilə həyata keçirilməsi isə hazırkı geosiyasi şəraitdə çətin görünür. Burada əsas maneə təhlükəsizlik məsələləri və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalardır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki