Ukrayna Silahlı Qüvvələrinin “Ahilles” pilotsuz uçuş sistemləri polkunun komandiri Yuri Fedorenko bildirib ki, Rusiya hazırda heç bir sülh müqaviləsi imzalamağa maraqlı deyil. Korrekt.az xəbər verir ki, bu barədə Fedorenko Ranok.LIVE efirində açıqlama verib.
O qeyd edib ki, Trampın sülh planının detalları hələ açıqlanmayıb və Ukrayna ilə müttəfiqlər bu planın ədalət prinsiplərinə uyğun olmasını təmin etmək üçün işləyirlər:
“Biz bu maddələrin nə haqqında olduğunu bilmirik. Sadəcə hipotezlər irəli sürə bilərik” – deyə Fedorenko vurğulayıb.
Komandir əlavə edib ki, Avropa tərəfdaşları Kiyevin mövqeyini qorumaq üçün maksimum səylərini göstərəcək, lakin hazırda Vaşinqton və Kiyev arasında kompromis tapmaq məqsədilə təzyiqlər davam edir.
Fedorenko Rusiya ilə bağlı isə belə deyib:
“Mən əminəm ki, Rusiya bu mərhələdə heç bir sənəd imzalamayacaq. Onlar buna maraqlı deyil”.
Xatırladaq ki, Trampın komandası tərəfindən hazırlanmış sülh planı Ukrayna tərəfinin “qırmızı xətt”lərini əhatə edən güzəştlər tələb edir. Lakin ABŞ və Ukrayna Cenevrədə planı yeniləmək və Ukraynanın maraqlarına uyğunlaşdırmaq üçün işləri davam etdirir. ABŞ dövlət katibi Marko Rubio görüşdən sonra bildirib ki, Trampın sülh planına müəyyən dəyişikliklər ediləcək.





















