Rusiya rəsmiləri Türkiyə ilə S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü bir ölkəyə satışı məsələsinin müzakirə edildiyini təsdiqləyiblər.
Korrekt.az xəbər verir ki, məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400-lərlə bağlı “Bizi izləməyə davam edin” açıqlamasından sonra yenidən gündəmə gəlib.
Rusiya tərəfi bildirib ki, Ankara ilə S-400 sistemlərinin üçüncü ölkəyə mümkün satışı barədə danışıqlar aparılır. Bununla belə, sistemlərin hansı ölkəyə satılacağı və prosesin hansı mərhələdə olduğu barədə hər hansı rəsmi məlumat açıqlanmayıb.
Bu açıqlama ilə əvvəllər mediada yer alan üçüncü ölkəyə satış iddiaları ilk dəfə Rusiya tərəfindən təsdiqlənmiş olub.
Türkiyə mediasında daha əvvəl S-400 sistemlərinin Körfəz regionunda yerləşən ölkələrdən birinə satıla biləcəyi barədə iddialar səsləndirilmişdi. Mümkün alıcılar arasında Birləşmiş Ərəb Əmirlikləri və Qətərin adları hallandırılsa da, bu məlumatlar indiyədək rəsmi şəkildə təsdiqini tapmayıb.
Ekspertlər hesab edirlər ki, S-400 sistemlərinin üçüncü ölkəyə verilməsi ABŞ-ın Türkiyəyə tətbiq etdiyi CAATSA sanksiyalarının gələcəyi baxımından da mühüm əhəmiyyət daşıya bilər. Vaşinqton 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 sistemləri almasına görə Ankaraya qarşı sanksiyalar tətbiq etmişdi.
ABŞ Prezidenti Donald Trampın son dövrlərdə CAATSA sanksiyalarının gələcəkdə yenidən nəzərdən keçirilə biləcəyinə dair açıqlamalarından sonra Ankara ilə Vaşinqton arasında bu məsələ ətrafında diplomatik təmasların intensivləşdiyi bildirilir.
Rusiya rəsmilərinin son bəyanatı isə S-400 sistemlərinin gələcək taleyi ilə bağlı müzakirələrin yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrildiyini göstərir.





















