Rusiyanın KROS sorğu şirkəti tərəfindən rusiyalıların ən çox nədən qorxduğu ilə bağlı araşdırma aparılıb.
Sorğunun Rusiya mətbuatında dərc edilən nəticələri ciddi əks-səda doğurub.
Araşdırma nəticəsində müəyyən edilən “Milli Narahatlıq İndeksi”nə görə, internet məhdudiyyətləri – mesajlaşma tətbiqlərinin bloklanması, mobil internetin bağlanması və “VPN”-lərlə mübarizə 2026-cı ilin birinci rübündə rusiyalıların qorxu siyahısında birinci yeri tutub. Məlum olub ki, internet məhdudiyyəti rusiyalılar üçün 2020-ci ildəki koronavirus pandemiyasından və 2022-ci ildə Ukrayna müharibəsilə bağlı keçirilən səfərbərlikdən daha qorxulu və daha çox ictimai narahatlıq yaradan məsələdir. Sorğuya görə, məhz internet məhdudiyyətləri bu il bütün digər narahatlıqları beş dəfədən çox üstələyib.
Tədqiqatın müəllifləri bunu həmin məhdudiyyətlərin gündəlik həyata birbaşa təsir göstərməyə başlaması ilə izah edirlər. İnsanlar tanış xidmətlərə çıxış, xidmətlərə görə ödəniş və yaxınları ilə əlaqə saxlamaqda problemlər yaşamaqdan narahatdırlar.
“İnternetin bağlanması cəmiyyətin ən geniş təbəqələrinə təsir göstərib və onlar üçün təkcə məlumat mənbələrinin azalmasına deyil, həm də normal həyatlarının və biznes proseslərinin pozulmasına səbəb olub. İnsanlar gələcək həyat qaydalarını başa düşmədikləri üçün narahatdırlar”, – KROS qeyd edir.
Ukraynanın PUA hücumları qorxular arasında ikinci yeri tutub. Lakin ruslar arasında əsas narazılıq PUA hücumları nəticəsində dəyən ziyandan deyil, onların hava səyahətinə mane olmasındandır: uçuşların ləğvi, gecikmələr və hava limanı məhdudiyyətləri.
Ən çox müzakirə olunan narahatlıqlar arasında Novosibirsk vilayətində mal-qaranın kütləvi şəkildə qırılması, restoranların və kiçik müəssisələrin bağlanması və eləcə də yeni səfərbərlik barədə şayiələri var.
Rusiyada ötən il başlanan internet məhdudiyyətləri 2026-cı ildə daha da sərtləşdirilib. Roskomnadzor dekabr ayında WhatsApp bloklandıqdan sonra ölkədə ən populyar olan Telegram messencerinə girişi də blokladı. Prezident Vladimir Putin həmçinin FSB-nin tələbi ilə telekommunikasiya operatorlarına xidmətləri dayandırmağı əmr etdi. Bundan sonra Moskvada mart ayında bir neçə həftə davam edən kütləvi internet kəsintiləri baş verdi. Yerli müəssisələr bundan gündə təxminən 1 milyard rubl zərər gördülər.
Üstəlik, hakimiyyət orqanları rusların bloklanmalar zamanı aktiv şəkildə quraşdırmağa başladığı VPN xidmətlərinin istifadəsinə qarşı mübarizə kampaniyasına başlayıblar.“AzPolitika.info”





















