Korrekt.az xəbər verir ki, İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İordaniya və Küveytdə yerləşən ABŞ hərbi hədəflərinə yeni zərbələr endirdiyini açıqlayıb.
SEPAH-ın bəyanatına görə, “Nəsr 2” əməliyyatının 14-cü dalğası çərçivəsində İordaniyada yerləşən ABŞ qırıcı təyyarələri və yanacaq dolduran tanker təyyarələri ballistik raketlər və pilotsuz uçuş aparatları ilə iki mərhələdə hədəfə alınıb. Bəyanatda iddia olunur ki, hücum nəticəsində bir neçə ABŞ hərbi təyyarəsi məhv edilib, digərlərinə isə ciddi ziyan dəyib.
SEPAH eyni zamanda ABŞ-ni İordaniyadakı bazalarından istifadə edərək İranın cənubundakı Bəndər Abbas şəhərində körpülər, yaşayış məntəqələri və su təchizatı obyektləri də daxil olmaqla mülki infrastrukturu vurmaqda ittiham edib.
Bundan sonra yayılan digər bəyanatda isə “Nəsr 2” əməliyyatının 15-ci dalğası çərçivəsində Küveytdə yerləşən ABŞ qüvvələrinin hədəfə alındığı bildirilib.





















