Dekabrın 2-də Kremlin ev sahibliyi etdiyi beş saatlıq görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.Korrekt.az xəbər verir ki, lakin Sky News-un Moskva müxbiri Ayvor Bennetin məlumatına görə, bu görüş Rusiya–Ukrayna müharibəsinin bitməsinə heç bir real yaxınlaşma gətirməyib.
Jurnalistin sözlərinə görə, ABŞ nümayəndələri Moskvada “tam VIP-protokol”la qarşılanıb: hava limanından kortejlə aparılıb, Michelin ulduzlu restoranda nahara dəvət olunub və onlara Qızıl meydanda gəzinti təşkil edilib. Bennet bildirir ki, Vitkoff və Kuşner daha çox turist təəssüratı yaradırdılar, nəinki ciddi sülh danışıqlarının iştirakçıları.
Amerikalı nümayəndələr Moskvaya çatdıqdan altı saatdan çox sonra Kremlin danışıqlar otağına daxil olublar. Bennetin fikrincə, bu gecikmə ABŞ planının əsas şərtinin – Rusiyanın sülh təklifini qəbul etməsinin – gündəmə gətirilmədiyini göstərirdi.
Danışıqlar zamanı Putin ənənəvi olaraq Avropanı ittiham edib və Ukraynanın mövqeyini “qəbuledilməz tələblərlə prosesə mane olmaqda” günahlandırıb. Jurnalist vurğulayır ki, Rusiya ABŞ-a qarşı xüsusi mehribanlıq nümayiş etdirərək NATO müttəfiqlərini Vaşinqtondan uzaqlaşdırmağa çalışır.
Sky News-ın məlumatına görə, Rusiya 28 bəndlik əvvəlki sülh planına qayıtmaq istəyir, baxmayaraq ki, həmin plan Moskvanın tələblərindən geri qalırdı. Kreml hesab edir ki, döyüş meydanında vəziyyət onun xeyrinə olduğu üçün bu mövqeyə qayıtmaq “haqqıdır”.
Bennet yazır ki, amerikalı nümayəndələrin səfərindən bir gün əvvəl Rusiyanın Pokrovskun “ələ keçirilməsi” barədə açıqlaması məqsədli idi və Moskvanın üstünlüyünü nümayiş etdirərək danışıqlarda tələbkar mövqeyini gücləndirməyə hesablanmışdı.
Jurnalistin fikrincə, Putin kompromisə getməyə hazır deyil, çünki o, ABŞ və Rusiyanın eyni məqsədi güddüyünə — münasibətlərin normallaşmasına — inandığını düşünür. Bu isə yalnız müharibə bitdikdən sonra mümkündür.
Materialda qeyd olunur ki, ABŞ tərəfi danışıqlara təzyiq göstərmək əvəzinə yumşaq yanaşır: Kiyevlə danışıqlarda ukraynalıları özlərinə — əvvəlcə Cenevrəyə, daha sonra Florida ştatına — çağırıblar. Moskva ilə əlaqələrdə isə Vitkoff heç bir problem olmadan uzun məsafələr qət edir və Putinin qəbuluna saatlarla gözləyir.
Sky News qeyd edir ki, tərəflər danışıqların məzmununu açıqlamamaq barədə razılığa gəlib. Bennet isə əlavə edir ki, bu şəraitdə Ukrayna prezidenti Vladimir Zelenskinin nikbinliyə əsas tapması çətindir.
Politico yazır ki, Moskva danışıqları heç bir nəticə verməyib və Putin Ukraynanın faktiki kapitulyasiyasını tələb etməkdə davam edir. The Spectator analitiki Ouen Metyuz isə hesab edir ki, Putin danışıqlarda üstünlüyün öz tərəfində olduğuna inanır və Qərbin, o cümlədən ABŞ və Avropanın iqtisadi-siyasi vəziyyətini Rusiyadan daha ağır hesab edir.





















