image-1backend

Sky Newsdən sensasion İDDİA: Trampın sülh planını Rusiya hazırlayıb

image-ads-728x90

Cenevrədə ABŞ və Ukrayna nümayəndələrinin danışıqları davam etdikcə, Vaşinqton və Avropada Tramp administrasiyası tərəfindən təqdim olunan 28 bəndlik sülh planının əsl müəllifliyi ilə bağlı suallar artır. Sky News yazır ki, bir çox siyasətçilər sənədin Vaşinqtonun deyil, əslində Vladimir Putinin yaxın müttəfiqləri tərəfindən hazırlanmış “Rusiyanın arzu siyahısı” ola biləcəyini iddia edir.

Korrekt.az xəbər verir ki, Trampın Ukrayna müharibəsinə yanaşmasını tənqid edən bir neçə senator bildirib ki, guya dövlət katibi Marko Rubio planın Moskvanın maraqlarını əks etdirə biləcəyinə işarə edib. Senator Angus King, Rubionun planı “administrasiyanın sənədi deyil”, daha çox “rusların istək siyahısı”na bənzədiyini dediyini iddia edib.

Respublikaçı senator Mayk Rounds isə sənədin “ilk baxışda elə bil rusca yazıldığı təəssüratı yaratdığını” söyləyib.

Marko Rubio isə bu iddiaları tamamilə təkzib edib və senatorların açıqlamalarını “yanlış” adlandırıb. ABŞ Dövlət Departamenti də planın rus mənşəli olması ilə bağlı versiyanı “açıq-aşkar yalan” kimi qiymətləndirib.

Reuters-in məlumatına görə, bəzi amerikalı rəsmilər sənəd yayılarkən onun məzmununu ilk dəfə gördüklərini bildiriblər. Onlar vurğulayıblar ki, planın bəzi bəndləri Rubio və Dövlət Departamenti tərəfindən əvvəllər rədd edilib və sənəd dərc olunana qədər rəsmi qurumların heç biri onun detallarından məlumatlı olmayıb.

Bu fonda Polşanın Baş naziri Donald Tuskun səsləndirdiyi sual gündəmdə qalır:

“Bu planın müəllifinin kim olduğu və harada yazıldığı açıq şəkildə məlum olmalıdır”.

Sky News-un əldə etdiyi məlumata görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın müşaviri Cared Kuşner Mayamidə rusiyalı oliqarx və Putinin yaxın tərəfdaşı Kirill Dmitriyevlə görüşüblər. Mənbələrə görə, tərəflər sülh planına dair təkliflər üzərində müzakirələr aparıblar. Dmitriyev 2022-ci ildən ABŞ sanksiyaları altındadır.

Bununla belə, Putinin keçmiş müşaviri Sergey Markov planın “Amerika təşəbbüsü” olduğunu, lakin Moskvanın ona müsbət yanaşdığını deyib.

Tramp əvvəlcə Ukraynadan planı cümə axşamına qədər qəbul etməyi tələb etsə də, daha sonra sənədin yekun versiya olmadığını bildirib. Vladimir Putin isə planı “tənzimləmə üçün əsas” adlandırıb.

Ukrayna Prezidenti Vladimir Zelenski isə ehtiyatlı mövqe nümayiş etdirərək, təklifləri rədd etmədiyini, lakin “Ukraynanın maraqlarına xəyanət etməyəcəyini” vurğulayıb.

ABŞ Konqresində isə ciddi narazılıqlar var. Silahlı Qüvvələr Komitəsinin sədri senator Rocer Uiker deyib:

“Bu ‘sülh planı’ adlanan sənəddə ciddi problemlər var və mən bunun real sülhə gətirib çıxaracağına inanmıram”.

Cenevrədə danışıqlar davam etdiyi halda, əsas sual hələ də açıq qalır: Ukraynanın gələcəyini müəyyən edə biləcək bu planı əslində kim hazırlayıb?



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki