Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov iki ölkə arasında münasibətləri müzakirə ediblər.
Korrekt.az-ın məlumatına görə, bu barədə slovakiyalı səfir görüşün yekunlarına dair “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksək səviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.
Elçin Qasımovun azərbaycanlı olması xüsusi diqqət çəkir. Onun Slovakiyanı məhz öz ölkəsində səfir kimi təmsil etməsi maraqlı və nadir diplomatik detal kimi qiymətləndirilir.
Elçin Qasımov 29 dekabr 1987-ci ildə Moskvada anadan olub. Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir.
İdman fəaliyyəti ilə də seçilən Qasımov gimnastika ilə məşğul olub, həmçinin tennis üzrə Avropa birincisi adını qazanıb.
Təhsili Danubius Universiteti və Komenski Universiteti ilə bağlıdır.
O, Slovakiya Respublikasının Parlament sədrinin müşaviri vəzifəsində çalışıb. Daha sonra Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili olub.
Elçin Qasımovun ailəsi də diplomatik və ictimai fəaliyyətlə tanınır. Atası, professor Cəlal Qasımov uzun illər Azərbaycanın Slovakiyadakı fəxri konsulu kimi fəaliyyət göstərir. O, həmçinin Milli Məclisin deputatı Mircəlil Qasımlının əmisi oğludur.Musavat.com





















