Hazırda ölkəmizdə əkinçiliyin inkişafına mənfi təsir göstərən əsas amillərdən biri torpaqların şoranlaşmasıdır. Bəs şoranlaşmış torpaqları yenidən necə münbit vəziyyətə gətirmək olar?
Mövzu ilə bağlı danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, şoranlaşmış torpaqları münbitləşdirmək çox asandır:
“Bunun üçün həmin torpaqlar yuyulmalıdır. Yuyulması üçün də həmin ərazilərdə çəltik yetişdirmək olar. Çəltik, bildiyiniz kimi, susevən bitkidir. Çəltiyə daha çox su verilir və həmin sahələrdə yetişdirilir. Orada çəltiyin yetişdirilməsi həm şoran torpaqlarımızın münbitləşdirilməsinə gətirib çıxaracaq, həm də çəltiyə olan ehtiyacımızın, yəni düyüyə olan tələbatımızın bir hissəsini həmin sahələrdə əkdiyimiz çəltik məhsullarının hesabına təmin edə biləcəyik. Burada Azərbaycanla bağlı süni şəkildə iddia edirlər ki, guya su problemi var. Azərbaycanda su problemi yoxdur, suyun düzgün idarə olunmasında problem var. Bu sahəyə məsul olan çoxsaylı dövlət institutları var, amma onlar işlərinin öhdəsindən gələ bilmirlər. Ona görə də bəhanə gətirirlər ki, su problemi var. Əgər su problemini bəhanə gətirməsələr, bizim kifayət qədər, yəni 25 milyard kubmetr suyumuz var. Həmin şoran ərazilərdə, dediyim kimi, çəltik yetişdirmək olar. Belə olan halda həm torpaqlarımızı münbitləşdirəcəyik, yuyub duzdan təmizləyəcəyik, digər tərəfdən də düyü əldə edəcəyik, yəni çəltik yetişdirəcəyik, çəltiyi emal edib düyüyə çevirəcəyik”. Redaktor.az





















