Son illər Azərbaycanda dərman bazarında problemlər artmaqdadır. Əhali arasında həkim göstərişi olmadan dərman qəbulu, özbaşına müalicə və qeyri-peşəkar məsləhətlərlə dərman alışı kimi hallar geniş yayılıb. Sosial şəbəkələrdə, xüsusilə TikTok kimi platformalarda bəzi əczaçıların və ya qeyri-ixtisaslı şəxslərin canlı yayımlarda vətəndaşlara dərman tövsiyə etməsi, reseptsiz satışı təşviq etməsi narahatlıq doğurur.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) məlumatına görə, cari ilin 10 ayı ərzində aparılan monitorinqlər nəticəsində 50 aptekdə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb. Bu fakt bir daha göstərir ki, reseptsiz dərman satışı ilə bağlı nəzarət mexanizmlərinə baxmayaraq, hələ də qaydaların pozulması halları davam edir.
Ümumiyyətlə, nəinki xaricdən onlayn dərman sifarişi, hətta ölkədaxili də onlayn dərman sifariş etmək mümkündür. Onlayn dərman satışında resept əsasında təyin edilən dərmanlardan başqa, digərlərini reseptsiz olaraq ünvanlara göndərirlər.
Bu gün Azərbaycanda apteklərin sayı normadan çoxdur. Bunun çox səbəbi var. Təəssüf ki, Azərbaycanda geniş miqyasda dərman biznesinə kommersiya baxışı ilə yanaşılır. Müəyyən dərəcədə bu lazımdır. Amma apteklərin insan sağlamlığında, cəmiyyətin maarifləndirilməsində nə qədər önəmli rol oynadığını gərək başa düşək. Yəni hər şeyə pul qazanmaq baxımından yanaşmaq düzgün deyil. Əvvəlcə insanların sağlamlığını qorumaq lazımdır. Keyfiyyətli dərman və qida vasitələri gətirmək vacibdir. Keyfiyyətsiz məhsullar ölkəyə buraxılmamalıdır. Yaxud da, o biznesin özündə də bir halallıq olmalıdır.

Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu problem uzun müddətdir var, son zamanlar isə daha da artıb. Onun sözlərinə görə, xüsusilə internet resurslarında axtarış imkanları genişləndikdən sonra bu problem daha da geniş vüsət alıb: “Sosial mediada həkim olanların və həkim olmayanların təqdim etdiyi informasiyalar da insanları yanlış yönəldir. Hazırda daha bir resursdan – “ChatGPT”dən istifadənin genişlənməsi də problemin miqyasına ciddi təsir edir. İnsanlar həkimə getmədən, zaman sərf etmədən öz problemlərini rahat həll edə biləcəklərini düşünürlər. Bu, olduqda səhv yanaşmadır. Dərman təyinatı olduqca ciddi məsələdir. Hər bir dərman vasitəsinin olduqca ciddi təsirləri var. Patologiyaya düzgün diaqnozun qoyulması önəmlidir, dərman təyinatı zamanı orqanizmdə olan müxtəlif problemlər məlum olmalıdır. Dərmanların seçimi, dozası, zamanı, digər dərmanlarla birgə istifadəsi və s. amilləri ancaq peşəkar həkim müəyyən edə bilər, yəni dərman təyinatı kompleks prosesdir, həkim təyinatı ilə olmalıdır. Düşünürəm ki, sosial şəbəkələrdə və s. olan bir sıra məsuliyyətsiz tövsiyələr öz rolunu oynayır. Bu özfəaliyyətin qarşısı alınmalıdır”.
Z.Yusifovun fikrincə, problemin həlli üçün ilk növbədə qanunvericilikdə müvafiq tənzimləmələr aparılmalıdır: “Səhiyyə sistemi ilə bağlı yaranan problemlər müvafiq qanunvericilik çərçivəsində həll olunmalıdır. Digər tərəfdən, ciddi maarifləndirmə tədbirləri aparılmalıdır. Maarifləndirmə tədbirlərinin yetərli olmadığı ölkələrdə – inkişaf etməkdə olan, yaxud üçüncü dünya ölkələrində dərmanlardan özbaşına istifadə hallarına daha çox rast gəlinir. Lakin bir çox oturuşmuş sistemlərdə belə hallar ya ümumiyyətlə baş vermir, ya da epizodik baş verir. Çünki ailə həkimliyinin olduqca oturuşmuş olduğu ölkələrdə insanlar öz problemlərini ilkin olaraq ailə həkimləri ilə müzakirə edirlər və onların tövsiyələri ilə müalicə alırlar. Hesab edirəm ki, bu məsələyə məsuliyyətli yanaşmaq zamanı artıq gəlib çatıb”.

Tamam Həsənova
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova bu yaxınlarda mətbuata verdiyi açıqlamada bildirib ki, aptek təşkilatlarına münasibətdə dərman vasitələri ilə təminat əczaçılıq şirkətləri tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, dərman vasitələri dövlət qeydiyyatına alındıqdan sonra idxalı və satışı sərbəstdir: “Respublikada əczaçılıq fəaliyyəti müvafiq normativ hüquqi aktların tələblərinə əsasən tənzimlənir. Əczaçılıq fəaliyyətinə lisenziya almaq istəyən hüquqi və ya fiziki şəxs qanunvericiliklə tələb olunan müvafiq sənədləri toplayaraq “ASAN xidmət” mərkəzləri vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etməlidir”.
Qeyd edək ki, “Reklam haqqında” Qanuna əsasən, açıq məkanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına icazə verilir və qanunvericilik həmin reklamların məzmunu ilə bağlı tələbləri müəyyən edib. Belə ki, dərman vasitələrinin reklamlarında yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək, reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək, sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi və ya həkimə müraciət etməyin gərəksiz olması barədə təsəvvür yaratmaq, reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə, əlavə təsirlərin olmamasına təminat vermək və reklam edilən dərman vasitəsini bioloji aktiv qida məhsulu qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək qadağandır. Qeyd olunan tələblərə əməl edilməməsi reklam haqqında qanunvericiliyin pozulması deməkdir və bu zaman agentlik tərəfindən sözügedən reklamların yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülür, eləcə də reklam yayıcıları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.“Yeni Müsavat”




















