ABŞ prezidenti Donald Tramp, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləməyə hazır olduğunu açıqlayıb, lakin bununla bağlı müəyyən şərt irəli sürüb. Reuters-in məlumatına görə, Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, Tramp, əgər qanun layihəsi ona sanksiyalarla bağlı yekun səlahiyyət verərsə, Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqinə razı olacaq.
Prezident Tramp, bazar günü jurnalistlərə verdiyi açıqlamada, Rusiya ilə sülh danışıqlarının uğursuzluğunu nəzərə alaraq, respublikaçıların Rusiya ilə ticarət edən ölkələrə qarşı sanksiyaları dəstəklədiyini vurğulayıb. Tramp həmçinin, sanksiya paketinə İranı da daxil etməyi təklif edib.
Bu təşəbbüsü, Rusiyanın enerji resurslarını alan ölkələrə qarşı sanksiyalar tətbiq etmək istəyən senator Lindsey Graham və konqresmen Brayan Fitzpatrik də dəstəkləyirlər. Ekspertlər hesab edirlər ki, Trampın açıqlamaları, qanun layihəsinin Konqresdə irəliləməsinə şərait yarada bilər.
Əvvəlki dövrdə, Nümayəndələr Palatası və Senatın liderləri Trampın təqdim etdiyi alternativi nəzərə alaraq, bu məsələdə bitərəf qalmışdılar. Rusiyanın Çindən sonra ikinci ən böyük neft alıcısı olan Hindistana qarşı idxal tarifləri tətbiq etməyi təklif edirdilər.
Ağ Evin sözçüsü bildirib ki, prezidentin dəstəyi, qanun layihəsinin mətnindən asılı olacaq. “Bizim üçün vacib olan, paketdə prezidentə sanksiyalarla bağlı yekun səlahiyyəti verən istisna daxil edilməsi olub. Əgər bu əlavə edilərsə, prezident qanun layihəsini imzalamağı nəzərdən keçirəcək,” – rəsmi qeyd edib.
Bundan əlavə, ABŞ rəsmi şəxsi müharibənin dayandırılması üçün Rusiyayla aparılan danışıqların davam etdiyini açıqlayıb. “Biz hələ də bunun üzərində işləyirik. Sadəcə bu, gündəlik xəbərlərdən bir qədər uzaqda qalıb,” – mənbə bildirib.
Xatırladaq ki, əvvəllər Trampa Rusiyaya qarşı üç sanksiya variantı təqdim olunmuşdu və o, ən yumşaq variantı seçmişdi. Tramp, Putinə təzyiqi artırmaq üçün əlavə alətlərdən istifadə etməyib, lakin onun bu istiqamətdə yeni addımlar atacağı gözlənilir.
Senator Lindsey Graham isə bildirib ki, Trampın dəstəyi ilə Konqres, Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı qanun layihəsini nəzərdən keçirəcək. Onun sözlərinə görə, bu qanun layihəsi Trampa Ukraynadakı münaqişəni dayandırmaq üçün daha çox vasitə verəcək.





















