Rusiya, son dövrlərdə Azərbaycandan yan keçərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutundan istifadə etməyə başlayıb. Rusiyanın Dəmir Yolları bu həftə bildirib ki, 62 ədəd 40 futluq konteyner daşıyan qatar, təxminən 13 gün ərzində Şimal-Cənub dəhlizinin şərq istiqaməti ilə İrana çatıb. Bu yeni marşrutun istifadəyə verilməsi, xüsusilə tez xarab olan və yüksək texnologiyalı yüklərin daşınmasını daha asanlaşdıracaq. Yük daşımalarının İranın Aprin limanına yönləndirilməsi ilə Çinə və ya İranın Bəndər Abbas limanına, oradan isə Hindistana göndərilməsi planlaşdırılır.
“Əvvəllər Rusiya, Şimal-Cənub dəhlizinin qərb marşrutuna, yəni Azərbaycandan keçən yola daha çox investisiya qoyurdu, lakin son dövrlərdə bu marşrutdan imtina edib. Rusiya, Azərbaycanın NATO və digər Qərb strukturlarına daha yaxınlaşmasını əsaslandıraraq, bu qərarını alıb. Bu, Azərbaycan üçün strateji bir məsələdir, çünki ölkəmiz müasir, döyüş qabiliyyətli orduya və çoxvektorlu xarici siyasətə malikdir. Azərbaycan NATO ilə əməkdaşlıq edir və son zamanlarda, xüsusən də noyabrın 6-da Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib. Bu görüşdə, Prezident Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və Türkiyə ilə sıx əməkdaşlığı vurğulayıb.” – bu fikirləri Korrekt.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Rusiyanın Azərbaycanla əlaqələrini bu şəkildə dəyişdirməsi, ölkəmizə bir neçə cəhətdən təsir göstərə bilər.
“Birincisi, iqtisadi və logistika sahəsindəki əlaqələrdə problemlər yarana bilər. Professor Qabil Hüseynlinin sözlərinə görə, Rusiya bu qərarı verməklə Azərbaycanın strateji üstünlüyünü nəzərə almır. Çünki Azərbaycanın üzərindən daşınacaq yüklər üçün 2028-ci ilə qədər 5 milyon tonluq yük daşınması hədəfi var. Rusiya, bu hədəfə nail olmaq üçün Azərbaycanla işləməkdə maraqlı olmalıydı. Ancaq bu yeni yanaşma, hər iki ölkə arasındakı iqtisadi əlaqələrə zərər verə bilər. Eyni zamanda, Azərbaycanın qərarlarını NATO ilə əməkdaşlıq istiqamətində inkişaf etdirməsi, Rusiyanın təzyiq siyasətini artırmasına səbəb olmuşdur. Lakin Azərbaycana məxsus olan neytrallıq və Qoşulmama Hərəkatına üzv olmaq, Azərbaycan üçün strateji cəhətdən daha vacibdir. Bu mənada, Rusiya nə qədər təzyiq göstərsə də, Azərbaycanın əsas məqsədi öz təhlükəsizliyini təmin etmək və müstəqil xarici siyasətini davam etdirməkdir.” -deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Rusiyanın bu marşrutdan pay istəyi də ortadadır. Bu səbəbdən Rusiya, Azərbaycanın qərarlarını yaxşı başa düşməli və iqtisadi dividentlərdən məhrum olmamağa çalışmalıdır.






















