image-1backend

Sui-qəsdə uğramış ABŞ prezidentləri – onları güllələyənlərin çoxu psixopat olub

image-ads-728x90

İndiyə qədər ABŞ prezidentlərinə qarşı 7 ciddi, böyük qalmaqala və ağır nəticələrə səbəb olan sui-qəsd cəhdi olub.

Sui-qəsdə məruz qalan prezidentlər və prezidentliyə namizədələr aşağıdakılardır: Avraam Linkoln (16-cı prezident), Ceyms Qarfild (20-ci), Uilyam Makkinli (25-ci), Teodor Ruzvelt (26-cı), Con Kennedi 35-ci, Robert Kennedi (37-ci prezident olmağa əsas namizəd), Ronald Reyqan (40-cı), Donald Tramp (45-47-ci).

Onlardan Teodor Ruzvelt, Ronald Reyqan və Donald Tramp sağ qalıblar. O biri sui-qəsdlərdə hücumçular məqsədlərinə çatıblar.

linkoln.jpg (70 KB)

A.Linkolna qarşı sui-qəsd cəhdi 14 aprel 1865-ci ildə Vaşinqtondakı Ford teatrında baş verib. Prezident həyat yoldaşı və dostları ilə birlikdə “Amerikalı əmioğlumuz” tamaşasına baxmağa gəlib. Tamaşa zamanı 26 yaşlı aktyor Con Uilks But prezident lojasına yaxnlaşıb və Linkolnun başına atəş açıb. Siyasətçi ertəsi gün, 15 aprel 1865-ci ildə aldığı yaralardan ölüb. Polislər anbarda gizlənən qatili çıxarmaq üçün tikilini yandırıblar, o, bayıra çıxıb və güllələnib.

**

qarfild.JPG (22 KB)

Cəmi dörd ay prezident olan Ceyms Qarfildə qarşı sui-qəsd cəhdi 2 iyul 1881-ci ildə Vaşinqtonda, bir qatar stansiyasında baş verib. Ailəsi ilə birlikdə Nyu-Cersidə tətil etməyi planlaşdıran Qarfild, israrlı şəkildə konsul vəzifəsi tutmaq istəyən siyasətçi və vəkil Şarl Qitonun hücumuna məruz qalıb. O, prezidentə iki dəfə atəş açıb. Güllə Qarfildin həyati orqanlarına dəyməsə də, həkimlər gülləni əlcək və dezinfeksiya olmadan çıxardıqları üçün president iki ay yarım sonra, 19 sentyabr 1881-ci ildə qan zəhərlənməsindən ölüb. Qatil Qito psixi pozğunluqdan əziyyət məksə də, onu 30 iyun 1882-ci ildə edam ediblər.

**

makkinli.JPG (32 KB)

Uilyam Makkinliyə qarşı sui-qəsd cəhdi 6 sentyabr 1901-ci ildə Nyu-Yorkun Buffalo şəhərində Pan-Amerika sərgisinin açılış mərasimində baş verib.

İşini itirən və anarxistlərə qoşulan 28 yaşlı Leon Çolqos dəsmalının içində gizlədilmiş revolverlə Makkinliyə yaxınlaşıb və ona iki dəfə atəş açıb. Birinci güllə prezidentin smokinqinin düyməsindən sıçrayıb, ikincisi isə qarnına dəyib – həkimlər gülləni dərhal tapa bilməyiblər. Makkinli səkkiz gün sonra, 14 sentyabr 1901-ci ildə yaranın yaratdığı qanqrenadan ölüb. Hadisə yerində yaxalanan Çolqos günahını etiraf edib və Makkinlini “bütün yaxşı, zəhmətkeş kişilərin düşməni” hesab etdiyini bildirib. O, 29 oktyabr 1901-ci ildə elektrik stulunda edam edilib.

**

ruzvelt.jpg (67 KB)

 

ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltə qarşı sui-qəsd 14 oktyabr 1912-ci ildə Viskonsin ştatının Miluoki şəhərində baş verib. Şəhərdə keçirilən seçki mitinqində o, üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürüb. Ruzvelt başqa bir mitinqə getməyə hazırlaşarkən ruhi xəstəlikdən əziyyət çəkən 36 yaşlı şair Con Şrank ona yaxınlaşaraq sinəsindən güllə vurub. Güllə Ruzveltin gödəkçəsinin daxili cibində olan 50 səhifəlik çıxış mətnini və metal pensne qutusunu deşib. Onun cibindəkilər gülləni o qədər yavaşladıb ki, güllə Ruzveltin ağciyərinə nüfuz edə bilməyib və sinəsinə ilişib qalıb. O zamankı tibbi ləvazomatlarla gülləni çıxarmaq təhlükəli olduğu üçün, onu çıxarmayıblar və Ruzvelt gülləni ömrünün sonuna qədər sinəsində gəzdirib. Şair Şrank dəli hesab edilib və psixiatriya xəstəxanada məcburi müalicəyə məhkum ediliib, 67 yaşında ölüb.

**

kennedi.jpg (54 KB)

35-ci prezidenti Con Kennedinin qətlinə dair minlərlə məqalə, yüzlərlə kitab yazılıb. Bu haqda bilgisi olanlar çoxdur. Fəqət müəmmalar hələ də qalır. Kennedi 22 noyabr 1963-cü ildə Texas ştatının Dallas şəhərində sui-qəsdə uğrayıb. Rəsmi informasiyaya görə, onu vaxtilə SSRİ-də, Minskdə yaşamış keçmiş dəniz piyadası Li Harvi Osvald snayper tüfəngi ilə vurub. Siyasətçi ölümcül yaralanıb və sui-qəsd cəhdindən qısa müddət sonra xəstəxanada ölüb.

Osvald həbs edilib, lakin iki gün sonra bir polis bölməsindən digərinə aparılarkən gecə klubunun sahibi Cek Rubi tərəfindən güllələnərək öldürülüb.

dzhon-kennedi-3.jpg (146 KB)

  Li Harvi Osvald

ABŞ xüsusi xidmət və kəşfiyyat orqanları bu haqda sənədlərin açılmasını yasaqlayıblar. Əsas müəmma odur ki, qatilin qatili də türmədə ölüb. Hadisə şahidləri qətldən bir müddət sonra müxtəlif qəzalarda həlak olublar. Qətlin üstünü açacağını öz namus borcu sayan Robert Kennedi – Conun kiçik qardaşı və keçmiş ədliyyə naziri prezidentliyə namizədliyini elan edən gün öldürülüb. Bütün bunlar göstərir ki, bu sui-qəsdin üstünün bağlı qalmasına çalışanlar olub. Dönəm prezidenti Lindon Conson və MKİ direktoru Edqar Huver bu qətl barədə bildiklərini özləri ilə aparıblar. Tramp birinci dəfə hakimiyyətə gələndə Kennedinin qətl işinə dair bütün sənədləri ictimailəşdirəcəyini elan etmişdi. Lafin MKİ və FTB-nin təhdidindən sonra geri çəkildi və bu işə dair sənədlərin əhəmiyyət kəsb etməyən hissəsi açıqlandı.

**

reyqan.jpg (64 KB)

40-cı prezident Ronald Reyqan da sui-qəsddən sağ çıxıb. Ona qarşı sui-qəsd cəhdi 30 mart 1981-ci ildə “Hilton” otelində, tikinti işçiləri həmkarlar ittifaqının qurultayında çıxışından sonra baş verib. Prezident oteldən çıxarkən 26 yaşlı Con Hinkli ona atəş açıb. Güllələr Ağ Evin mətbuat katibi Ceyms Brediyə, polis məmuruna və məxfi xidmət agentinə tuş gəlib, çovuyan güllə siyasətçinin sinəsinə dəyib və ağciyərində ilişib qalıb. Prezident, atışmanın digər qurbanları kimi, sonradan tam sağalıb. Hinkli ruhi xəstə elan edilib və psixiatriya xəstəxanasına yerləşdirilib. Həkimlər onu tamamilə sağlam və artıq cəmiyyət üçün təhlükə yaratmadığını hesab etdikdən sonra, 2016-cı ildə məcburi müalicədən azad edilib.

**

trampd.jpg (22 KB)

45-ci prezident Donald Tramp üç dəfə sui-qəsdə məruz qalıb. Birinci dəfə Tramp 2016-cı ilin iyun ayında seçki kampaniyası zamanı Nevada ştatının Las-Veqas şəhərində tapança lüləyinin qabağına gəlib. 20 yaşlı Britaniya sakini Maykl Sendford siyasətçinin çıxışını dinləyərkən polis məmurunun silahını qapıb və Trampa atəş açmağa cəhd edib. Tramp zərər çəkməyib. Sendford hadisə yerində həbs edilib. Daha sonra onun ruhi pozğunluğu olduğu müəyyən olunub. Məhkəmə onu bir il həbs cəzasına və 200 dollar cərimə cəzasına məhkum edib. 2017-ci ilin may ayında Sendford Böyük Britaniyaya deportasiya edilib.

tram-qul.jpg (80 KB)

13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler şəhərində Tramp yenidən seçki kampaniyası zamanı sui-qəsdə uğrayıb. Güllə prezidentin qulağını sıyıraraq mitinq iştirakçılarından biri olan 50 yaşlı Kori Komperatora dəyib. O, hadisə yerində ölüb, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. FTB əməkdaşı 20 yaşlı atıcı Tomas Metyu Kruksu sərrast atəşlə öldürüb.

Srağagün isə vaxtilə Reyqanın vurulduğu “Hilton” otelində Trampın olduğu zalda atəş aşılıb və bu akt da Trampın həyatına sui-qəsd cəhdi hesab edilir.

Məxfi xidmət əməkdaşları hücumçunu dərhal zərərsizləşdiriblər. Bu şəxs Kaliforniyadan olan 31 yaşlı Koul Allendir və onun da ruhi xəstəliyi var.

Beləliklə, belə məlum olur ki, psixopat killerlər ABŞ prezidentlərinin kabusudur. Onlar mühafizədə boşluq görən kimi hərəkətə keçirlər.

Xalid KAZIMLI


image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki