Tehranda keçirilən cümə namazı zamanı qeyri-adi və diqqətçəkən hadisə baş verib.
Korrekt.az xəbər verir ki, paytaxt məscidlərindən birində toplaşan insanlar namazdan sonra “Yaşasın Türkiyə” şüarları səsləndiriblər.
Bu görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.
Musavat.com-a görə, belə şüarların məhz dini mərasimdən sonra səsləndirilməsi hadisəyə əlavə simvolik məna qazandırır. Çünki cümə namazları İranda təkcə dini yox, həm də ictimai-siyasi mesajların verildiyi platforma hesab olunur. Bu baxımdan, Tehranda səslənən çağırış sıradan bir hadisə deyil, daha geniş kontekstin məhsulu kimi görünür.
Hadisənin fonunda isə son müharibə dövründə regionda formalaşan yeni münasibətlər dayanır. Uzun illər ərzində İranın ideoloji və media aparatı Türkiyəyə qarşı ehtiyatlı, bəzən isə açıq tənqidi mövqe sərgiləyib. İran televiziya kanallarında, müxtəlif informasiya platformalarında və xüsusilə Telegram kanallarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı kampaniyalar aparılıb, Ankara tez-tez ideoloji rəqib kimi təqdim olunub.
Lakin müharibə reallığı bu yanaşmanı ciddi şəkildə sarsıtdı. İran təzyiq altında qaldığı bir dönəmdə region ölkələrinə – dost və rəqib anlayışına – yenidən baxmaq məcburiyyətində qaldı. Bu prosesdə Türkiyənin tutduğu mövqe xüsusilə fərqləndi. Ankara münaqişə dövründə ardıcıl şəkildə İranın yanında yer aldı, beynəlxalq müstəvidə onun tam təcrid olunmasının qarşısını almağa çalışdı, diplomatik kanallarda gərginliyin azaldılmasını müdafiə etdi.
Türkiyə mediası da bu xətti davam etdirərək hadisələri birbaşa İran şəhərlərindən işıqlandırdı, Tehran və Təbrizdən reportajlar hazırladı, İranın mövqeyini regional və qlobal auditoriyaya çatdırdı. Bu informasiya dəstəyi İran dövlətində Türkiyəyə qarşı münasibətin dəyişməsində mühüm rol oynayan faktorlardan biri kimi qiymətləndirilir.
Pakistan da bu prosesdə diqqət çəkən aktorlardan biri oldu. Keçmişdə Tehranla gərginlik yaşamış İslamabad belə bu müharibədə İranı dəstəklədi və hətta vasitəçilik təşəbbüsləri ilə çıxış etdi. Beləliklə, Türkiyə–Azərbaycan–Pakistan xətti faktiki olaraq İran üçün gözlənilməz bir dəstək platforması formalaşdırdı.
Bütün bu reallıqlar fonunda Tehranda səslənən “Yaşasın Türkiyə” şüarı təkcə emosional təşəkkür deyil. Bu, illərlə formalaşdırılmış ideoloji münasibətin cəmiyyət səviyyəsində dəyişməyə başladığını göstərən siqnaldır. İranda milyonlarla azərbaycanlı türkün yaşaması da (təxminən 40 milyon) bu münasibətin formalaşmasında mühüm rol oynayır.





















