image-1backend

The Telegraph: İrandakı müharibə Putini ölümdən qurtardı

image-ads-728x90

Yaxın Şərqdə baş verən müharibə Rusiya prezidenti Vladimir Putin və onun rəhbərlik etdiyi ölkə üçün gözlənilməz üstünlüklər yarada bilər. Korrekt.az xəbər verir ki, bu barədə Britaniyanın The Telegraph qəzeti yazıb.

Məlumata görə, Putin ABŞ prezidenti Donald Trampla son telefon danışığında İrandakı müharibənin “tezliklə siyasi və diplomatik yolla həll edilməsini” istədiyini bildirib. Lakin analitiklər hesab edirlər ki, mövcud vəziyyət əslində Moskva üçün müəyyən mənada sərfəlidir.

Nəşrin yazdığına görə, bir neçə həftə əvvəl Kreml Ukraynaya qarşı müharibəni davam etdirmək üçün iqtisadi imkanlarının kifayət edib-etməyəcəyi ilə bağlı ciddi suallarla üzləşirdi. Lakin ABŞ və İsrailin İrana qarşı əməliyyatlara başlamasından sonra vəziyyət dəyişməyə başlayıb.

Analitiklər qeyd edirlər ki, diqqətin Yaxın Şərqə yönəlməsi Ukrayna üçün əlverişsiz vəziyyət yarada bilər. Rusiya müəyyən iqtisadi və siyasi üstünlüklər əldə etdiyi halda, Kiyev xaricdəki münaqişənin tez bitəcəyinə ümid edir.

Məqalədə bildirilir ki, son aylarda beynəlxalq sanksiyalar, dünya bazarında neft qiymətlərinin düşməsi və Rusiya enerjisinə tətbiq edilən qiymət məhdudiyyətləri ölkə büdcəsinə ciddi zərbə vurub.

Beş il əvvəl Rusiyanın federal büdcəsinin təxminən 45 faizi neft və qaz gəlirlərindən formalaşırdı. Lakin 2026-cı ilin yanvarında bu gəlirlər COVID-19 pandemiyası dövründəki səviyyəyə qədər azalıb.

Bununla belə, Hörmüz boğazında gərginliyin artması və Fars körfəzində neft hasilatının qismən dayanması enerji qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olub. Məlumata görə, dekabr ayında Rusiya neftinin bir barelinin qiyməti 40 dollardan aşağı olduğu halda, hazırda təxminən 72 dollara qədər artıb.

Eyni zamanda, Vaşinqton enerji bazarlarını sabitləşdirmək məqsədilə bəzi ölkələrə qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir. Məsələn, Hindistana Rusiya neftini almağa icazə verildiyi bildirilir.

Analitiklər hesab edirlər ki, enerji qiymətlərinin artması Rusiyanın büdcə kəsirini azaltmasına kömək edə bilər. Bu isə ölkə daxilində müharibənin dayandırılması ilə bağlı təzyiqləri zəiflədə bilər.

Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovayanın sözlərinə görə, Rusiyanın maliyyə vəziyyəti yaxşılaşarsa, Kremlin müharibə siyasətini davam etdirmək imkanı da artacaq.

Məqalədə qeyd olunur ki, ABŞ hazırda Yaxın Şərqdə hərbi əməliyyatlara fokuslandığı üçün Ukrayna ilə bağlı diplomatik səylər müəyyən müddət zəifləyə bilər. Artıq tərəflər arasında planlaşdırılan bəzi danışıqların təxirə salındığı barədə məlumatlar yayılıb.

Analitiklərin fikrincə, bu vəziyyət Rusiyaya döyüş meydanında irəliləmək və gələcək danışıqlarda Kiyevdən daha çox güzəşt tələb etmək üçün əlavə imkanlar yarada bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki