image-1backend

The Times: Kreml güzəştə getmək niyyətində deyil  

image-ads-728x90

Bir neçə günlük intensiv diplomatik danışıqlara — Cenevrədən Əbu-Dabiyə qədər — baxmayaraq, irəliləyiş əldə olunmayıb. Moskva açıq şəkildə bildirib ki, nə güzəşt, nə də kompromis müzakirə etməyə hazırdır.

Korrekt.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynada sülh prosesinə qarşısıalınmaz impuls yaratmağa çalışsa da, görünür ki, səylər dalana dirənib. Rusiya, amerikalı, avropalı və ukraynalı rəsmilərin iştirakı ilə aparılan diplomatik marafona baxmayaraq, yalnız bütün tələblərini təmin edən razılaşmalara maraq göstərir.

The Times yazır ki, Kiyev və Avropa tərəfdaşları ABŞ-ın dəstəklədiyi 28 bəndlik planı geri çevirməyi bacarsalar da, artıq uzun müddətdir ki, aydındır: Ukrayna üçün qəbul edilə bilən hər hansı saziş Moskva tərəfindən avtomatik olaraq rədd ediləcək.

Kremlin sözçüsü Dmitri Peskov “Sülh yaxındırmı?” sualına cavab olaraq bildirib: “Hələ bu barədə danışmaq tezdir.” Rusiya XİN-in müavini Sergey Ryabkov isə Trampın Moskvanın şərtlərini yumşaltmağa razılaşdığı barədə iddiasını təkzib edib.

Rusiya XİN rəhbəri Sergey Lavrov vurğulayıb ki, Moskva Ukraynanın NATO-ya üzvlüyünü istisna etməyən, Rusiya üçün ərazi güzəştləri nəzərdə tutmayan və Ukrayna ordusunun sayını məhdudlaşdırmağa imkan verməyən istənilən planı rədd edəcək.

Bəzi analitiklərin fikrincə, Kiyev yaxşı anlayır ki, real sülh müqaviləsinin əldə olunması ehtimalı azdır. Ukraynanın danışıqlarda iştirakı daha çox Trampın Kiyevi “sülh prosesini pozmaqda” yenidən ittiham etməsinin qarşısını almağa yönəlib.

“Ukraynanın Trampın sülh prosesində iştirakının mənası — prosesin pozulmasında ittiham olunmamaqdır. Bunu hamı başa düşür, sadəcə, etiraf etmək istəyən yoxdur,” — “Povernıs jıvım” Fondunun analitiki Nikolay Beleskov qeyd edib.

ABŞ artıq Ukraynaya birbaşa maliyyə yardımı ayırmasa da, Kiyevə Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməyə imkan verən həyati vacib kəşfiyyat məlumatları təqdim edir. Vaşinqton həmçinin silah-sursatı müttəfiqlərinə satır, onlar isə həmin texnikanı Ukraynaya ötürür. Bunlara Kiyevin müdafiəsində mühüm rol oynayan Patriot raket sistemləri də daxildir.

Lakin Ağ Ev bildirib ki, bu satışlar “əbədi davam edə bilməz”. Bəyanat Zelenskiyə dolayı xəbərdarlıq kimi qiymətləndirilib: yaxın vaxtlarda razılaşmaya imza atılmasa, tədarüklər dayandırıla bilər.

Danışıqlar xüsusi elçi Stiv Uitkoff ilə yüksəkçinli rus rəsmiləri arasında baş tutmuş telefon danışığının sızdırılması fonunda daha da mürəkkəbləşib. Sızdırılan səs yazılarının birində Uitkoff Putin köməkçisi Yuri Uşakova “dərin hörmət” bəslədiyini bildirir və Kremlə Trampın “sülh səylərini” tərifləməyi tövsiyə edir.

Söhbətlərin məzmunu həmçinin Uitkoffun şərq əraziləri qarşılığında mümkün razılaşmaya inandığını göstərirdi.

Trampın dəstəklədiyi ilkin sülh planı Uitkoff ilə Rusiya Birbaşa İnvestisiya Fondu rəhbəri Kirill Dmitriyev arasında Floridada keçirilən görüşdən sonra ortaya çıxmışdı. Sızan digər səs yazısında Dmitriyev bu sənədi mətbuata ötürə biləcəyinə işarə edirdi.

Uitkoff yaxın günlərdə Putinlə görüşmək üçün Moskvaya yollanacaq.

Səs yazıları ABŞ-da respublikaçılar arasında tənqidə səbəb olub. Konqresmen Brayan Fitspatrik danışığı “məxfi görüşlərin absurd teatrı” adlandırıb və bunun dövlət katibi Marko Rubionun işinə mane olduğunu bildirib. Don Bekon isə Uitkoffu “Rusiyanın maraqlarına uyğun davranmaqda” ittiham edib və onun istefasını tələb edib.

Uşakov sızmanı “qəbuledilməz” adlandıraraq bunun ABŞ daxilində Uitkoffun rəqiblərinin işi ola biləcəyini deyib. Dmitriyev isə səs yazısını “saxta” adlandırıb.

Uitkoff qalmaqalı Vaşinqtonun Ukrayna üzrə sülh təşəbbüslərinin arxa fonunda Moskvanın mümkün təsirini bir daha gündəmə gətirib. Amerikanın təklif etdiyi planın Moskvanın maraqları ilə üst-üstə düşməsi bir çoxlarını təəccübləndirsə də, sızmalar prosesi daha aydın göstərib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki