The Washington Post qəzetinin məlumatına görə, Rusiya Yaxın Şərqdə yerləşən ABŞ hərbi hədəflərinə zərbələr endirilməsi üçün İrana kəşfiyyat məlumatları təqdim edir.
Korrekt.az xəbər verir ki, qəzetin kəşfiyyat məlumatları ilə tanış olan üç rəsmi mənbəyə istinadən yaydığı xəbərdə bildirilir ki, Moskva Yaxın Şərqdəki Amerika qoşunlarının hərəkəti barədə yüksək dəqiqlikli məlumatları Tehranla paylaşmağa başlayıb. Məlumata görə, bu addım Rusiyanın münaqişədə birbaşa olmasa da, dolayı şəkildə iştirak etdiyini göstərən ilk əlamətlərdən biri hesab olunur.
Bildirilir ki, “Epik Qəzəb əməliyyatı” başlayandan sonra Rusiya ABŞ-a məxsus hərbi obyektlərin, o cümlədən döyüş gəmiləri və hərbi təyyarələrin koordinatlarını İran tərəfi ilə bölüşür. Mənbələrdən biri bu fəaliyyətin kifayət qədər geniş miqyasda həyata keçirildiyini qeyd edib.
Bununla yanaşı, Rusiya rəsmi səviyyədə müharibənin dayandırılmasına çağırış edib və baş verənləri “səbəbsiz silahlı təcavüz aktı” kimi qiymətləndirib.





















