ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə danışıqlar üzrə xüsusi nümayəndəsi Kit Kelloq Tramp administrasiyası daxilində ciddi fikir ayrılıqları fonunda daxili münaqişənin mərkəzinə düşüb. Korrekt.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin araşdırmasında bildirilir.
Məlumata görə, fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Kelloq Avropa və Ukrayna liderləri ilə görüşərək transatlantik tərəfdaşlığın gələcəyi ilə bağlı narahatlıqları dinləyib. Polşanın baş nazirinin müavini Radoslav Sikorski görüş zamanı “Hələ də müttəfiqliyimiz varmı?” sualını səsləndirib.
Kelloq ABŞ administrasiyasında özünü “ən yaxşı dostunuz” kimi təqdim edərək müttəfiqləri sakitləşdirməyə çalışıb. Lakin ABŞ-ın müdafiə naziri Pit Heqsetin tərəfdarları onu Ağ Evdə “təcridçilərə qarşı xətt tutmaqda” ittiham ediblər. Bu isə Kelloqun administrasiya daxilində kənar fiqur kimi qəbul olunmasını daha da gücləndirib.
Gərginlik Fox News kanalında Kelloqun Ukrayna Prezidenti Volodimir Zelenskini “müharibə şəraitində olan bir millətin inadkar və cəsur lideri” kimi xarakterizə etməsindən sonra daha da artıb. Bu açıqlama Trampın əvvəllər Zelenskini “seçkisiz diktator” adlandırması ilə ziddiyyət təşkil edib.
Nəşrin yazdığına görə, Oval Ofisdə keçirilən sonrakı görüş zamanı Tramp səfirinin mövqeyinə kəskin reaksiya verib.
“Deməli, siz Zelenskini cəsarətli adlandırırsınız?” – deyə Tramp soruşub.
Kelloq isə cavabında bunun Ukrayna xalqının yaşaması uğrunda apardığı mövcudluq mübarizəsi olduğunu bildirib və ABŞ prezidentinin sonuncu dəfə belə bir vəziyyətlə Abraham Linkolnun dövründə qarşılaşdığını qeyd edib.
Mənbələrin məlumatına əsasən, Tramp bu epizodu digər müşavirlərə danışarkən Kelloqu “axmaq” adlandırıb.
Buna baxmayaraq, Kelloq Trampın Ukraynanın zəifliyi və Rusiyanın məğlubedilməzliyi ilə bağlı fikirlərini açıq şəkildə təkzib edib. Prezident Ukraynanın yenidən ərazi itirəcəyi ehtimalını dilə gətirəndə Kelloq sözünü kəsərək, “Cənab, bu cəfəngiyatdır. Ruslar məğlubedilməz deyillər”, – deyə bildirib.
Bu mövqeni ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Keyn də dəstəkləyib. O, Rusiya qüvvələrini zəif və səriştəsiz adlandırıb. ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Pokrovskun ələ keçirilməsi halında belə, Rusiyanın Donetsk vilayətinin bütün ərazisini nəzarətə götürməsi üçün 30 aya qədər vaxt tələb oluna bilər. Sonrakı hesablamalarda isə bu müddətin 20 aya və ya daha az vaxta endirilə biləcəyi qeyd olunur.haqqin.az





















