ABŞ prezidenti Donald Tramp İsrail də daxil olmaqla bəzi xarici dövlətlərin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığı fikri ilə razı olduğunu bildirib.
Korrekt.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Levit jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ vitse-prezidenti Cey Di Vensin bu mövzuda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:
“Prezident xarici ölkələrin ABŞ-da ictimai rəyə müəyyən dərəcədə təsir göstərməyə çalışdığı ilə tam razıdır. Bu, danılmaz faktdır.”
Xatırladaq ki, ABŞ vitse-prezidenti Cey Di Vens daha əvvəl amerikalı podkast aparıcısı Co Roqanın verilişində İsrail hökumətində ABŞ-da ictimai rəyi manipulyasiya etməyə çalışan şəxslərin olduğunu iddia etmişdi.
Vensin sözlərinə görə, həmin şəxslər Yaxın Şərqdə müharibənin qeyri-müəyyən müddət davam etməsində maraqlıdır və ABŞ ilə İran arasında mümkün razılaşmaya qarşı çıxırlar.
Ağ Ev isə vurğulayıb ki, prezident Tramp xarici dövlətlərin ABŞ ictimai rəyinə təsir göstərmək cəhdlərinin mövcudluğunu qəbul edir və bunu ümumi reallıq kimi qiymətləndirir.





















