The Wall Street Journalın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ötən həftə Venesuela lideri Nikolas Maduronu telefonda xəbərdar edib. Korrekt.az xəbər verir ki, Tramp bildirib ki, Maduro könüllü şəkildə vəzifəsini tərk etməsə, Vaşinqton Venesuelaya qarşı güc tətbiqi də daxil olmaqla müxtəlif variantları nəzərdən keçirə bilər.
Mənbələrə əsasən, telefon danışığı zamanı tərəflər Maduro və onun komandasına mümkün amnistiya məsələsini də müzakirə ediblər.
Xatırladaq ki, Trampın ilk prezidentlik dövründə – 2020-ci ilin martında ABŞ Maduronu və bir neçə yüksək vəzifəli Venesuela rəsmisini narkotik terrorizmdə ittiham etmişdi. Vaşinqton həmin vaxt Maduronun həbsinə və ya məhkum edilməsinə səbəb ola biləcək məlumat üçün 15 milyon dollar mükafat təklif etmişdi. Bu ilin avqustunda isə ABŞ mükafatın məbləğini 50 milyon dollara qədər artırdı.
ABŞ Ədliyyə Departamenti Maduroyu “dünyanın ən böyük narkotik alverçilərindən biri” olmaqda və ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edir.
Amerika mediası son aylarda Birləşmiş Ştatların yaxın vaxtlarda Venesuela ərazisinə zərbələr endirə biləcəyi barədə məlumatlar yayıb. Cümə axşamı Tramp Vaşinqtonun tezliklə ölkə daxilində narkotik ticarəti ilə mübarizəyə başlayacağını bildirib, lakin hərbi əməliyyatların detalları açıqlanmayıb. Şənbə günü isə o, Venesuela üzərində və ətrafındakı hava məkanının tam şəkildə bağlanmasına çağırıb.





















