ABŞ Prezidenti Donald Tramp neft bazarındakı qiymətləri aşağı salmaq məqsədilə bəzi neft sanksiyalarını ləğv edəcəklərini açıqlayıb. Korrekt.az xəbər verir ki,Clash Report kanalının məlumatına görə, Tramp bildirib ki, sanksiyaların ləğvi bazardakı vəziyyət yaxşılaşana qədər qüvvədə qalacaq.
“Qiymətləri aşağı salmaq üçün neftlə bağlı bəzi sanksiyaları da ləğv edirik. Bəzi ölkələrə qarşı sanksiyalar tətbiq etmişik, amma vəziyyət yaxşılaşana qədər onları ləğv edirik”, – deyə ABŞ Prezidenti bildirib. Tramp eyni zamanda bəzi sanksiyaların gələcəkdə yenidən tətbiq olunma ehtimalını da istisna etməyib.
ABŞ Prezidenti həmçinin Hörmüz boğazından tankerlərin təhlükəsiz keçməsi üçün hərbi müşayiətə hazır olduqlarını təsdiqləyib:
“Amma ümid edirəm ki, bu lazım olmayacaq. Lakin lazım gələrsə, ABŞ Hərbi Dəniz Qüvvələri və tərəfdaşları tankerləri boğazdan təhlükəsiz keçirəcək”, – deyə o bildirib.
Eyni zamanda ABŞ-ın Rusiya neftinə qarşı sanksiyaları yumşaltmaqla bağlı addımlarına da nəzər salınıb. ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, departament Rusiya neftinin qlobal çatışmazlığı aradan qaldırmaq məqsədilə Hindistana idxalına icazə verib və digər sanksiyaların qaldırılması ehtimalını istisna etmir.
ABŞ Energetika Naziri Kris Rayt isə qeyd edib ki, bu addım təcavüzkarı təcrid etmək strategiyasını dəyişdirmir. Tramp administrasiyası Hindistana 30 günlük icazə verib ki, Yaxın Şərqdəki gərginlikdən yaranan yanacaq çatışmazlığını aradan qaldırmaq mümkün olsun. Rayt vurğulayıb ki, bu qərar ABŞ və Kremlin münasibətlərinin istiləşməsi kimi qiymətləndirilməməlidir.





















