İrana qarşı hərbi əməliyyatların yenidən başladığı günlərdə ABŞ prezidenti Donald Tramp İranın Nətənz nüvə kompleksi yaxınlığında yerləşdiyi iddia edilən Külüng dağı ərazisindəki nüvə obyekti ilə bağlı sərt açıqlamalar verib.
Korrekt.az xəbər verir ki, məşhur aparıcı Hyu Hyuittin müsahibəsi zamanı Trampdan İranın Külüng dağı adlanan bölgəsində yerləşən dərin tunellərdəki nüvə obyektinin gələcəkdə hədəfə alınıb-alınmayacağı soruşulub. Hyuitt qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin müfəttişlərinin həmin obyektə daxil olub fəaliyyətləri yoxlaması yeni razılaşma üçün şərt kimi irəli sürülə bilər.
“Biz ora hava qüvvələrimiz vasitəsilə nəzarət edirik. Bizim çoxlu müşahidə imkanlarımız var. Külüng dağı güclü və böyük bir hücum üçün potensial hədəfdir. Düşünürəm, siz bunu görəcəksiniz. Bu hədəf çox ağır bir zərbə ilə, birbaşa əsas girişdən vurula bilər”, – deyə Tramp bildirib.





















