ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski yalnız sülh sazişi tam razılaşdırıldıqdan sonra ABŞ-a gələ biləcək.
Korrekt.az xəbər verir ki, Tramp bu açıqlamanı Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən verib. O qeyd edib ki, Ukrayna ilə danışıqlar Rusiyayla aparılandan daha uğurlu görünür:
“Yaxşı danışıqlar aparırıq. Rusiyayla başladıq, hələ də onlarla müəyyən müzakirələr davam edir. Ukrayna ilə hər şey qaydasındadır. Düşünürəm ki, onlar bundan məmnundurlar. Arzu edərdim ki, bu, yekunlaşsın… Biz irəliləyirik.”
Jurnalistlər tərəflər arasında hansı fikir ayrılıqlarının olduğunu soruşduqda Tramp konkret cavab verməyərək yalnız belə deyib:
“Standart məsələlər… Amma insanlar artıq anlayırlar ki, bu, hər iki tərəf üçün sərfəli razılaşmadır və müharibəni dayandırmaq lazımdır. Onlar çoxlu insan itirirlər.”
Sülh planı ilə bağlı son vəziyyət
UNIAN-ın məlumatına görə, Tramp daha əvvəl Ukraynaya sülh planını qəbul etmək üçün müəyyən etdiyi son tarix – cümə axşamı – tələbindən imtina edib.
Eyni zamanda ABŞ prezidenti danışıqlarda “böyük irəliləyiş” əldə edildiyini açıqlayıb. ABŞ dövlət katibi Marko Rubio isə Cenevrədəki görüşlərdən sonra müzakirələri “çox pozitiv” adlandırıb və “qalan məsələlərin aşılmaz olmadığını” deyib.
Bununla belə, Vaşinqtonun müsbət bəyanatlarına baxmayaraq, Rusiya–Ukrayna müharibəsinin sona çatdırılmasına dair sülh danışıqlarında ciddi maneələrin hələ də qaldığı bildirilir.





















