image-1backend

Üç astronavt kosmosda köməksiz vəziyyətdə qalıb

image-ads-728x90

Tianqonq kosmik stansiyasında olan üç çinli astronavt – Zhang Lu, Wu Fei və Zhang Hongzhang – geri dönüş kapsulunun zədələnməsi səbəbindən Yerə qayıda bilmir. Shenzhou-21 missiyasının üzvləri ötən cümə günündən bəri stansiyada qalmaq məcburiyyətindədirlər.

Korrekt.az xəbər verir ki, missiyanın yeganə qayıdış kapsulu noyabrın əvvəlində kosmik tullantı ilə toqquşmadan sonra zərər görüb. Çin İnsanlı Kosmik Uçuşlar Agentliyi (CMSA) toqquşmaya “çox kiçik kosmik dağıntı parçasının” səbəb olduğunu açıqlayıb. Hadisə nəticəsində kapsulun eniş aparatının baxış pəncərəsində çat yaranıb.

CMSA bildirir ki, astronavtların təhlükəsiz şəkildə geri dönməsi üçün əvəzedici kapsulun buraxılışı üzərində intensiv iş aparılır. Rəsmi tarix açıqlanmasa da, uçuş planları Shenzhou-22 kapsulunun noyabrın 25-də buraxıla biləcəyini göstərir. Bu müddətə qədər astronavtlar stansiyada qalmalı olacaqlar.

Ekspertlər xəbərdarlıq edirlər ki, gözləmə dövrü uzandıqca risklər də arta bilər. Əvvəlki missiyanın üç astronavtı isə artıq sağlam qayıdış kapsulu ilə Yerə dönüb. Bütün heyətin stansiyada saxlanılmamasının səbəbi açıqlanmasa da, ehtimal olunur ki, əvvəlki ekipajın qayıdışının gecikməsi stansiyanın resurslarının sürətlə tükənməsinə səbəb ola bilərdi.

Bu, son iki ildə astronavtların kosmosda qapalı qalması ilə bağlı baş verən ikinci hadisədir. NASA astronavtları Butch Wilmore və Suni Williams texniki nasazlıqlar səbəbilə səkkiz günlük planlaşdırılmış missiyalarını doqquz aya qədər uzatmalı olmuşdular və yalnız bu ilin martında Yerə qayıda bilmişdilər.

RAND Korporasiyasının mühəndisi Yan Osburq Space.com-a açıqlamasında bu vəziyyəti “ciddi xəbərdarlıq” adlandırıb:
“Vəziyyət ağırdır. Ümid edirik ki, astronavtlar mümkün qədər tez və təhlükəsiz şəkildə geri dönəcəklər.”

Yer orbitində kosmik dağıntıların sürətlə artması toqquşma risklərini də yüksəldir. 2021-ci ildə kosmik tullantılar Beynəlxalq Kosmik Stansiyanın robot qolunu zədələmişdi. BKS son illərdə bir neçə dəfə köhnə peyklərdən və tullantı parçalarından yayınmaq üçün manevrlər etməli olub.

Hazırda zərərin tam miqyası açıqlanmasa da, bütün dünya üç çinli astronavtın təhlükəsiz şəkildə Yerə qayıtmasını gözləyir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki