Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirlinin vəzifəyə təyin olunduğu gündən etibarən bu qurumda müəyyən təmizləmələr həyata keçirdiyi barədə məlumat vermişdik. Hər gün Vüsal Nəsirli tərəfindən işdən çıxarılan şəxslərin Saleh Məmmədovun yaxın qohumu olduğu tirajlanırdı. Belə anlaşılırdı ki, əvvəlki rəhbər Saleh Məmmədov bu qurumu daha çox ailə podratı kimi idarə edib.
Amma deyəsən bu belə deyil. Çünki Saleh Məmmədovun ən yaxın kadrı, bacısının qudası olan Məhəmməd Musayev, hələ də vəzifəsində qalır və idarəni öz bildiyi kimi idarə edir.
Məhəmməd Musayev 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin (XTYİ) rəisidir və uzun illərdir ki, bu idarəni idarə edir. Bir müddət əvvəl redaksiyamıza müraciət edən idarənin xadimə və fəhlələri Məhəmməd Musayevdən şikayətçi idilər. Xadimə və fəhlələr bildirirdilər ki, hər ay Musayevin göstərişi ilə əməkhaqlarından 20 manat tutulur. Həmin şikayət işıqlandırılsa da, heç bir nəticə vermədi. Nədənsə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirliyə göndərilən şikayət məktubları cavabsız qaldı.
Hazırda diqqət çəkən məsələ odur ki, Vüsal Nəsirli, çoxsaylı şikayətlərə baxmayaraq, Saleh Məmmədovun yaxın adamı olan Məhəmməd Musayevi himayə edir və onun barəsində heç bir tədbir görmür. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.vətəninfo.az





















