“Qarabağ”ın futbolçusu Marko Yankoviç Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Sabah”la qarşılaşmadan sonra görüşün baş hakimi Rəvan Həmzəzadə ilə yaşadığı qalmaqala münasibət bildirib.
Korrekt.az Teleqraf-a istinadla xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib.
O, hakimin qərarları ilə razılaşmadığını qeyd edib və epizodların obyektiv qiymətləndirilməsini istəyib.
Futbolçu bildirib ki, əgər fiziki təmas yaratmaq istəsəydi, bunun üçün kifayət qədər imkanı olub. Yankoviç, həmçinin, oyunda bir neçə nəfərin eyni reaksiyanı verdiyini vurğulayaraq, hamının yanıldığını düşünmədiyini qeyd edib.
Təcrübəli futbolçu hakimlə mübahisəsinin səbəbini belə açıqlayıb:
“Bu mübahisənin səbəbi epizodda penalti olduğunu düşündüyüm üçün deyildi. Səbəb odur ki, meydanda ilk dəfə ondan VAR-a baxmasını istəyəndə mənə qırmızı vərəqə göstərdi və “rədd ol” dedi. Həm də bunu bir dəfə yox, dəfələrlə etdi və təkcə mənə yox. Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni öz otağına çağırır. Niyə? Mənimlə dalaşmaq üçün? Bu, absurd, peşəkarlığa yaraşmayan və hörmətsiz davranışdır. Onun qərarı ilə razılaşmaya bilərəm, amma heç kim ona təhqiramiz söz demədi. Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində aldığım ilk qırmızı vərəqədir və ümumilikdə karyeramda ikinci dəfədir”.
Qeyd edək ki, M.Yankoviç “Sabah”la oyundan sonra paltardəyişmə otağına gedən tuneldə hakim Rəvan Həmzəzadəyə hücum çəkib. Hakim isə əli ilə işarə edərək onu otağa söhbətə çağırıb.





















